“Ermənilər pulemyotçularını zəncirləmişdilər ki, qaçmasınlar...“ — Cəbhə bölgəsindən II reportaj (II yazı)

“Ermənilər pulemyotçularını zəncirləmişdilər ki, qaçmasınlar...“ — Cəbhə bölgəsindən II reportaj (II yazı) backend

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdamda olan ön cəbhəyə gedirik.

Həmin görüşlə bağlı ""Döyüşdə baş verənləri tanımadığım şəhidin başdaşına danışırdım..." — Cəbhə bölgəsindən II reportaj (I yazı)" başlıqlı yazını sizə təqdim etdik.

Ölkə.Az ön cəbhədən hazırlanmış ikinci reportajı sizə təqdim edir:

Səhər saat 06:00-dır. Hərbi hissədə əsgərlər kimi, keçmiş döyüşçülər də ayaq üstədir. Əsgərlər səhər idmanına başlayır. Keçmiş döyüşçülər də onlardan geri qalmırlar. Yemək vaxtıdır. Eynilə əsgərlər kimi onlar da yeməkxanaya sıra ilə gedirlər. Bir yerdə yox, əsgərlərin arasında əyləşirlər. Yeməkxanada mülki qadınlar çalışır.

Əsgərlərlə söhbət edirəm:

- Hər gün belə yeməklər verirlər, yoxsa bizə görədir?

Əsgər Əliyev deyir, hər günümüz belədir. Hər dəfə fərqli və dadlı yeməklər verirlər. Hərdən valideynim yanıma gəlir. Hər gələndə deyirəm, nə gətirirsiniz gətirin, bir yeməkdən başqa. Həftədə 3 dəfə ev yeməkləri bişirirlər. Ailəmiz imkanlı deyil qardaş, vallah bu hərbi hissəyə gələnə qədər evdə səhərlər heç vaxt üç cür yemək yeməmişəm.




Yeməkdən çıxırıq. Hərbi hissənin meydançasında düzülüşdür. Keçmiş döyüşçü, ehtiyatda olan zabit, polkovnik Xətai Baxışov qrupumuzu yığıb deyir, burada Milli Qəhrəman Fred Asifin yaratdığı və ilk komandiri olduğu hərbi hissənin əsgərləri ilə görüşməsək olmaz. Buna ən çox sevinən isə Fred Asifin qardaşı Ədalət Məhərrəmov olur. Ədalət Məhərrəmov Fred Asif yaralanandan sonra həmin hərbi hissəyə bir müddət rəhbərlik edib. Əsgərlərin yanına gedirik. Təbii ki, söz sahibi Ədalət Məhərrəmovdur. Ədalət Məhərrəmov kövrəlir. Gözləri dolur: Bu hərbi hissəni Ağdamda böyük qardaşım Fred Asif yaradıb. Hərbi hissəmiz minatəmizləyən olsa da, çoxlu sayda döyüşlərdə iştirak etmişik. O zaman adımız mina təmizləyən idi. Həm mina təmizləyirdik, həm də döyüşürdük. Bu hərbi hissədən neçə-neçə oğlanlar qəhrəmanlıqla şəhid oldu. Sizin kimi sırada duran bir neçə nəfər Milli Qəhrəman oldu. Qardaşım Asif... Nəysə sizləri görüb duyğulandım. Bilin ki, yanınızdayıq.



Artıq məlumatımız var idi ki, aprel döyüşlərində mina təmizləyənlərimiz də çox böyük işlər görüb. Aralarında yaralananlar da olub. Əsgərlərimizlə sağollaşırıq.

Olduğumuzun 3 hərbi bölməsində diqqətimi çəkən məqamlardan biri də əsgərlərin yerişindən, duruşundan məğrurluq yağması oldu. O məğrurluq "biz döyüşmüşük, düşməni qovmuşuq" demək idi. Açığı, onlara paxıllığım tutdu. Biz əsgərlikdən gələndə dost-tanışa hansısa gülməli bir əhvalat danışardıq. Bu əsgərlər isə dost-tanışa necə döyüşə girdiklərindən, necə hücum etdiklərindən, erməni işğalçılarını necə öldürdüklərindən danışacaqlar. Gəl buna paxıllıq etmə...



Goranboy rayonu, Tapqaraqoyunlu kəndinə gedirik. Bu kəndin adını eşitməyən yoxdur. Kəndin məşhur olmasına səbəb hansısa özəlliyi yox, ermənilərin o kəndi daim atəş altında saxlaması və kənd sakinlərinin heç nəyə baxmayaraq kəndi tərk etməməsidir. Hər tərəf yaşıllıqdır. Torpağı əkən kim, sahələrdə heyvanlarını otaran kim. Aprel döyüşlərindən sonra kəndin ön hissəsindəki erməni postlarını əsgərlərimiz ələ keçirdiyi üçün artıq Tapqaraqoyunlu məşhurluğunu itirib, yəni, ermənilər artıq bu kəndi rahat şəkildə narahat edə bilmir.



Tapqaraqoyunluda yerləşən əsgərlərimizin yanındayıq. Kölgəliklərdə oturub əsgərlərimizlə söhbət edirik. Söhbət etdiyimiz əsgərlər Tapqaraqoyunlunun ön hissəsindəki postları və Talış yüksəkliyini erməni işğalından azad ediblər. Boyu balaca olan bir əsgərə deyirəm, sən də döyüşlərdə olmusan? Əsgər yoldaşları və komandirləri gülür.

Komandiri deyir, onun boyunun balaca olmasına baxmayın, o əsgər RPK-da ermənilərə qan uddurdu. Özündən hündür silah daşıyan bu əsgər döyüşlərdə xüsusi igidlik göstərib.



Əsgər Bayramlı ilə söhbət edirik:

- Döyüşdə həyəcan var idi?

- Həyəcan? Qətiyyən.

- Niyə?

- Açığı, döyüşə başlayanda həyəcan yox idi. Bizə elə gəlirdi ki, təlimdəyik. Təlimdən çıxdığımız 1 həftə idi. Təlimdəki kimi hərəkət edirdik, əsgər yoldaşlarımız yaralanıb, şəhid olanda anladıq ki, təlim yox, əsl döyüşdəyik. Ancaq çox rahat oldu döyüş. Talış yüksəkliyini çox asan aldıq. Ermənilər it kimi qaçırdı. Tanklarımız və artilleriyamız da çox əla işlədi. Onlara köməyə gələn əsgərləri və texnikaları məhv etdilər. Çox qəribə şeylərlə qarşılaşdıq. Ermənilər iri çaplı pulemyotçularını zəncirləmişdilər ki, qaçmasınlar, axıra kimi döyüşsünlər. Çoxlu sayda əsgər, zabit və hərbi texnikalarını məhv etdik. Əgər atəşkəs olmasaydı, torpaqlarımızı tamamilə azad edə bilərdik onların əlindən. Kaş təxris olana kimi müharibə başlayardı...

Rəşad Süleymanov əsgərlərimizə bildirir ki, siz burada döyüşdüyünüz kimi, biz də ermənilərlə informasiya müharibəsi aparırdıq. Hər kəs sizin arxanızdadır.



Talış yüksəkliyinin alınmasında xüsusi fəallıq edən MAXE ilə söhbət edirik.

- Əsgərlərdə qorxu yox idi ki?

- Özümüz də təəccüb etdik. İlk dəfə döyüşə girirdilər, ancaq möhtəşəm döyüşdülər.

- Ermənilər hər kəsin beyninə yeritmişdi ki, çox güclü postları var, Ohanyan xətti.

- Açığı, biz də elə bilirdik elədir, ancaq döyüşlər zamanı məlum oldu ki, heç nələri də yox imiş. Ohanyan xəttin gözüyümulu keçdik, döyüşlər davam etsəydi, Ohanyanın özünün də üzərindən keçərdik.

Əsgərlərimizlə söhbət zamanı hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı da Goranboydakı konsertini bitirib, bizim yanımıza gəldi. Bundan sonra Şəmistan Əlizamanlı da bizim qrupla ön cəbhədə hərəkət edir. Əsgərlər Şəmistan Əlizamanlını görəndə çox sevinirlər. Şəmistan Əlizamanlı əsgərlərlə birlikdə "Cənab leytenant" mahnısını ifa edir. İfadan sonra Şəmistan Əlizamanlı əsgərlərə deyir ki, Goranboyda konsertdə idim, konsertdən sonra bizi yeməyə aparırdılar, getmədim, gəldim sizinlə yeməyə. Bundan sonra hər kəs əsgər yeməkxanasına girir. Hər stolda bizim qrupdan bir nəfər əyləşir, əsgərlərə yemək çəkir, söhbət edə-edə yemək yeyirlər.



Yeməkdən sonra əsgərlərimizlə sağollaşıb, Ağdam rayonu ərazisinəki ön cəbhədə olan əsgərlərimizi görməyə gedirik.

Hər əsgərlərimizlə ayrılıqdan sonra insanı qəribə hisslər bürüyür. Uzun müddət maşında sakitlik hökm sürür. Pəncərədən təmiz hava gəlir, ətraf isə gözəl mənzərə...

Ardı var...

Səxavət Məmməd
Ölkə.Az
Diaspora