“Döyüşdə baş verənləri tanımadığım şəhidin başdaşına danışırdım...“ — Cəbhə bölgəsindən II reportaj (I yazı)

“Döyüşdə baş verənləri tanımadığım şəhidin başdaşına danışırdım...“ — Cəbhə bölgəsindən II reportaj (I yazı) backend

Müstəqillik qan, can bahasına alınır.

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdamda olan ön cəbhəyə gedirik.

Ölkə.Az saytının əməkdaşı da keçmiş döyüşçülərlə birlikdə ön cəbhəyə gedib.

Qaziler.az Ölkə.Az-a istinadən ön cəbhədən hazırlanmış birinci reportajı sizə təqdim edir:

Toplanış məntəqəmiz ikinci Fəxri Xiyabandır. Fəxri Xiyabanın qarşısında toplanıb qərənfillərlə birinci Qarabağ müharibəsi zamanı və aprel döyüşləri zamanı şəhid olan qəhrəmanlarımızın qəbirlərini ziyarət etməklə başlayırıq. İlk önündə dayandığımız qəbir Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun (Fred Asif) qəbri olur. Fred Asifin qardaşı, birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Ədalət Məhərrəmov qardaşının qəbri üzərində dayanır, duyğulanır. Fred Asiflə bağlı xatirələrini bizimlə bölüşür.

Qarabağ qazisi Rey Kərimoğlu üzünü mənə tutub deyir, Səxavət, görürsən necə oğullar olub? İndi bəziləri Milli Qəhraman adı almaq üçün hər cür oyundan çıxır, ancaq Fred Asifə Milli Qəhrəman adı veriləndə o adı götürməmişdi ki, mənim torpaqlarım işğal altındadır, qız-gəlinlərimiz əsirdir, Milli Qəhrəman adı götürəcəm?

Fred Asifin qəbrini ziyarət etdikdən sonra digər şəhidlərimizin də qəbirlərini ziyarət edib dualar oxuyuruq. Gəlirik, aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın qəbirlərinin üstünə. Keçmiş döyüşçü Rizvan Məmmədvəliyev qəbirlərə baxa-baxa deyir, mən kiməm ki, əsl igidlər burada yatır. Yaxşılar torpaq altındadır. Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın qəbrləri üzərinə gül qoyub, dualar oxuyub, üzü rayonlara yola düşürük. Yolumuz Tərtərədir.

Tərtər. Qəhrəman şəhər. Birinci Qarabağ müharibəsi zamanı sonuna qədər döyüşüb, ermənilərə bir qarış olsun belə torpaq verməyən qəhrəman şəhər. Hər tərəf yaşıllıqdır. İnsanlar torpaq sahələrində işləyir. Şəhər əhalisi öz işində-gücündədir. Tərtərdə yerləşən hərbi hissəyə gedirik. Hərbi hissəyə yaxınlaşdıqca dağılmış evlər, məktəblər görürük. Evlərdə köhnə və təzə qəlpə izləri aydın görünür. Hərbi hissəyə əsgər və zabitlərin idman vaxtı çatırıq. Əsgərlərimiz qaçışı qurtardıqdan sonra idman alətlərində məşq edirlər. Hərbi hissənin ərazisini gəzirik. Aprel döyüşləri zamanı ermənilər hərbi hissənin qərargahını dəfələrlə vurmağa çalışıb, ancaq mərmilər hərbi hissənin ərazisinə düşsə də, heç bir ziyanlıq verməyib.

Hərbi hissənin qərargah rəisi, kəşfiyyat rəisi ilə söhbət edirik. Qərargah rəisi bildirir ki, döyüşlər zamanı əsgərlərimiz ermənilərə "göz verib, işıq vermədilər". Bu istiqamətdə onların 10-dan çox tankını vurdular. Əsgərlərin gözləri döyüşdə necə qızmışdısa, dayanmaq istəmirdilər. Hər cəhətdən üstün idik. Artilleriyamız və piyada qüvvələrimiz çox güclü işlədilər. Düzdür, şəhidlərimiz də oldu, bu müharibədir, ancaq itkilər 1-in 10-a nisbətində oldu.

Keçmiş döyüşçülərlə yeni döyüşçülərin görüşü

Əsgərlərimizlə görüşürük. Hamısının üzü gülür. Əsgər Vəliyev deyir, əsl hərbi xidmət budur, idman, təlim, döyüş hazırlığı. Yeməklərimizi də görürsünüz. Hərbi hissənin əsgər yataqxanalarında və yeməkxanalarında oluruq. Ehtiyatda olan zabit polkovnik leytenant Nazim Bayramov əsgərlərə üzünü tutub deyir, siz 4 gün ərzində bizim milli qürurumuzu geri qaytardınız, sizə nə qədər təşəkkür etsək azdır. Hər zaman yanınızdayıq. 28 may Respublika gününü məhz sizlərlə keçirməyə gəlmişik. Bizim kimi sizin də əsgər yoldaşlarınızdan yaralanan, şəhid olan oldu. Biz də bu hissləri yaşamışıq. Siz əsgərlər sizdən əvvəlkilərdən fərqli olaraq döyüş görmüş əsgərlərsiniz. Bu xoşbəxtlik sizə qismət oldu. Müharibə başlasa çiyin-çiyinə döyüşəcəyik.

Qarabağ qazisi, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov əsgərlərə deyir, siz elə bilməyin, arxada insanlar sizi düşünmür. Siz burada döyüşəndə arxadakı mülki əhali müharibəyə getmək üçün dərhal hərbi komissarlıqlara müraciət etdi. Bakıda isə hər yerdə, hər evdə, hər kəsin əlində bayrağımız var idi. Hər kəsin diqqəti fikri burada qalmışdı. Səmimi söhbətlər zamanı əsgərlərimiz döyüşdə olanlardan danışırlar.

Əsgərlərimizlə görüşüb, sağollaşıb, Tərtərdəki digər bölmələrə gedirik.

Gün batmaq üzrədir. Bu qədər döyüşlərə, mərmi atılmalarına baxmayaraq insanlar öz həyatlarına davam edirlər. Mal-qaranı otlaqdan gətirən kim, əkin sahələrindən evinə gələnlər kim. Uşaqlar məhlədə futbol oynayır. Bu insanlar artıq top, mərmi səsinə öyrəşib.

Çatdığımız bölmədə əsgərlərimiz yemək üçün düzülüşüblər. Əsgərləri yormayıb, özümüz də onlarla birlikdə giririk yeməkxanaya. Olduğumuz bu bölmə də aprel döyüşlərində döyüşüb. Keçmiş döyüşçülər yeni döyüşçülərə yeməklər çəkir, çay süzür. Keçmiş döyüşçülər, yeni döyüşçülərə qulluq edir. Ehtiyatda olan polkovnik Xətai Baxışov əsgərlərin yeməyinə şəxsən nəzarət edir.

Yeməkdən sonra baş leytenant İbrahimovla söhbət edirik. İbrahimov bildirdi ki, döyüşlər çox ağır keçdi. Açığı, əsgərlərin belə döyüşəcəyini gözləmirdik. Əvvəl özümüzə qarşı ögey münasibət var idi. Heç bir uğurumuz yox idi. İnsanları başa düşürdük. İndi isə vəziyyət tamamilə fərqlidir. Mülki şəxslər bizə çox hörmət edir. Mağazaya girməyə utanırıq, imkan vermirlər əlimizi cibimizə ataq. Hamısı deyir, siz bizi qoruyursunuz.

Əsgərlərlə sağollaşıb, gedirik digər bir hərbi hissəyə. Bu hərbi hissə yeni istifadəyə verilib. Müasir yataqxanalar, çamaşırxanalar, yemək zalı. Sutka ərzində fasiləsiz isti su. Yeməkləri isə aşbaz qadınlar bişirir.

Gecə saat birdən sonra keçmiş döyüşçü, II qrup Qarabağ əlili Asəf Əliyevlə hərbi hissənin ərazisini gəzirik. Asəf Əliyev birinci Qarabağ müharibəsi zamanı başına gələn bir əhvalatı danışır:

"Postumuz Ağcəbədinin Qiyaməddinli kəndinin qəbiristanlığında idi. Qəbiristanlıqda tanımadığım Qarabağ müharibəsində şəhid olmuş Azər adlı bir nəfərin qəbri var idi. Hər döyüşdən gələndə gəlirdim onun qəbrinin üstünə. Uğurlu və uğursuz əməliyyatları onun başdaşındakı şəklə baxaraq danışırdım. Mənə elə gəlirdi ki, uğurlu əməliyyatlardan danışanda Azərin baş daşındakı şəkli gülürdü, ancaq itki verib gəlib danışanda sanki ağlayırdı. Baş daşındakı şəkildə qəribəlik var idi. Hər gün Azərin qəbrinə hesabat verirdim. O qədər əsgər yoldaşımı, dostumu, tanışımı itirmişdim ki, yalnızlıqdan ancaq o qəbirlə dərdləşirdim. Bir gün mənim o qəbirlə danışdığımı əsgərlərimiz və komandirim görüb. Mənə dedilər, artıq başın xarab olub. Həqiqətən başım xarab olurdu. Nə qədər dost, yoldaş və torpaq itirmək olardı. İndi bu təzə döyüşçülərə baxıram, onlar da əsgər yoldaşını, dostunu itirib. Ağır dərddir, ancaq bunlar bizim dilimizi uzun etdilər".

Gecə gec saatlara qədər söhbət edirik. Sabah isə bizi yeni gün, yeni hərbi hissələr və əsgərlər gözləyir...

Ardı var...

Səxavət Məmməd
Ölkə.Az
Diaspora