Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında "bəyanat" yayması barədə xəbərləri Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti uydurmasıdır.
Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıqla qarışıq salınması artıq heç kimi təəccübləndimir: "Əslində Ermənistanın BMT yanında Daimi nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir".
O əlavə edib ki, ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları makulatura məqsədilə istifadə edilir.