Əfqanıstan müharibəsinin iştirakçısı, davam edən Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Abuzər Əbilov keçmiş erməni hərbçisinin dilindən öz ordularının və cəmiyyətinin necə bərbad vəziyyətdə olduğu haqda maraqlı paylaşım edib.
Qaziler.az xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb. A. Əbilov hərbi forumların birində "Zavokzalnaya" adlı erməni istifadəçisinin ona şəxsi məktub yazdığını qeyd edib.Sizə veteranımızın fikirlərini və məktubda yazılanı təqdim edirik:
“Məktubu sizin ixtiyarınıza buraxıram. Məqsədim erməniyə acımağınız yox, onun toxunduğu bəzi məqamların analizidir. Əvvəlcə deyim ki, yazı rus dilində idi. Tərcümə mənimdir. Yazan isə ixtisaslı adekvat bir ehtiyatda olan Erməni ordusunun mayorudur. O, nə zamansa Qarabağ döyüşlərində iştirak edib.
“Salam hörmətli Mirotvores (hərbi forumda A.Əbilovun istifadəçi adı – Red.qeydi.). "Hörmətli "sözümü ironiya saymayın. Həqiqətəndə sizin “Solnişka”,”Burjuin”,”Greqor”,”Artsax” (erməni istifadəçilər) və digər çaqqallarla mübahisənizdə,nə qədər tərbiyəli və ixtisaslı hərbçi olduğunuzu hiss etdim və düşmən də olsanız,sizə böyük hörmətim var. Mənə görə isə,şərəfli düşmən,şərəfsiz vətənpərvərdən daha gərəklidir. Əvvəlcə deyim ki,siz mənim həmvətənimsiniz- bir millətdən olmasaq belə. Mən əsl Bakılıyam. “Zavokzalnı”da doğulmuşam,Qarabağ mehmanxanasının aşağısında yaşamışam,28 aprel küçəsində,Kamoda boyümüşəm.Toyum da o mehmanxanada olub. Deyirlər indi o yoxdur. Siyasət və üfunət iyi verən siyasi vətənpərvərliyi kənara tullasaq o yerlər mənim üçün doğmadır. Nə isə,kədərli notları kənara qoyaq.
“Burjuin” kimi Rusiyada yaşayıb,bir gün də Ermənistanın ordusunda xidmət etməyən alcaq sürüsü ilə nahaq mübahisə edirsiniz. Onlar hec zaman hərbçi olmayıb hec zaman da bu sənətin incəliyinə varmazlar. Onlara "Böyük Ermənistan" çığırmaqla,Ermənistanı qarışqadan da kiçik etmək qalır. Cünki onlara nə Ermənistan, nə də insanların bir- biri ilə mehriban yaşamağı lazımdır. Elə sizdə də, belələri az deyil. Onların hec biri bilmir ki indi “Artsax” deyilən xarabada mənim babam Karen Baqdasaryan illər uzunu öz bağının meyvələrini Martunidən (Ağdərə – Red.qeydi) gətirərək,azərbaycanlılara satıb ailəsini xoş və ehtiyacsız dolandırıb. Onlar anlamırlar ki Qarabağda insanlar mehriban və ehtiyacsız yaşayıblar. Onlar anlamır ki, bu siyasətdə hec kim qalib gəlmədi,əksinə hər iki xalq məğlub oldu. Və əfsus ki bu hələ də davam edir. Fikirləşməyin ki, mən Ermənistanın hansısa xidmətinin tulasıyam və sizin beyninizi yumaq istəyirəm.Ermənistanla mən 1995 -ci ildə qurtardım. O zaman ki,bu müharibədə istifadə olunduğumu anladım.Primorsk diyarında yaşayıram.Coxdan babayam və tüpürmüşəm bu siyasi torpaq oyununa.
Bir hərbçi kimi sizə açıq deyirəm ki, bəli siz bu gün Ermənistandan fərqli olaraq öz müasir ordunuzu yaratdınız. Son günlərin əməliyyatları,binamus Ohanyan xəttinin bir blef olduğunu və kiçik bir Azərbaycan xüsusi təyinatlıları rotasının təpiyi altında göyə uçmasının şahidi olduq.Bəzi məqamları nəzərə almasaq ,sizinkilər gözəl əməliyyat apardı. Bəli, itkilər hər tərəfdə var və bu labüddür. Bu oyun yox,çılpaq müharibədir. Bunsuz hələ ki müharibələr yoxdur. Ordunuzun təchizatına baxıram fotolarda. Yüksəkdir. Mənim millətim isə hələ də milli varidatları əvəzində Rusiyanın skladlarında çürüyən zir-zibillərini alır. Azərbaycan HARPİ ilə uçanda,bizim sarsaqlar kuadrokopterlə dünyanı özlərinə güldürür.Artilleriyanız,tanklarınız güclüdür. Bunu bizimkilər haqda demək olmaz. Amma yaxşı olardı ki,Serjin bütün dünyadan diləndiyi pulları ordunun müasirləşməsinə qoyardı. Qoymadı. Getdi çoxu xaricdəki bank hesablarına.
Sizin veteranların cəbhədən şəklinə baxdım. Özünüz qoymuşdunuz. Forumun rəhbərliyi bizimkilərin tələbi ilə pozub onları. Həm də bizim veteranların şəklinə,videosuna baxdım. Gülməkdən qarnım ağrıdı. Bizim sarsaqlar hələ də 1992- dən bu tərəfə adlamadı. Müasir sayılan orduya gələn bu qoca sarsaqlar nə geyimlərinə,nə sifətlərinə,nə də təminatlarına fikir verdi. Saqqallı,qarnı çöldə,kirli,yəqin ki hər axşam sərxoş olurlar bu sarsaqlar. Kömək yox,əsgərə və onun qidasına artıq yükdür. İtə də məlumdur ki,birinci döyüşdə bunlar ya qacacaq, ya da qorxudan tir-tir əsəcəklər. Müasir hərb anlayışı,bu budkalar yanında ucuz araqla sülənənlər üçün deyil. Bunu sarsaq komandanlıq ya anlamır,yada başqa çarəsi yoxdur.
Sizinkilərə baxanda ürəyim açıldı. Səmimi deyirəm. O saat bilindi ki bunlar hərbin “kostyakları”dır (sütunlarıdır).O qoca polkovnikə baxdım,əlində SVD. Üzündəki kin mənə cox şeyi dedi. Sizi də gördüm. Təmiz,təlimata aid geyimlə,səliqəli. Həsəd apardım düzü. Düşmən olsanız belə hörmətim yenə artdı. Qibtə elədim. Paxıllığım tutdu.Mən siyasətçi deyiləm. Amma anlayıram ki,əgər hələ sizin kimilər varsa-bizimkilər həqiqi “Artsax” dövləti qura bilməyəcəklər.
Son sözümdə bir daha xahiş edirəm özünüzü yuxarıda qeyd etdiyim hərbdən xəbəri olmayan zibillərin səviyyəsinə salmayın. Mən erməniyəm. Kecmişimə baxmayaraq öz millətimi sevirəm. Bilirəm də ki ,nə vaxtsa bizdən asılı olmayan səbəbdən bu müharibə yenidən qızışacaq. İnanmıram mən orda olam.Siz isə yəqin ki olacaqsınız. Uğur demirəm. Qoy haqlı olan qazansın”