Ermənistan prezidenti Serj Sərkisyan mayın 16-d Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra aprelin əvvəllərində döyüşmək üçün Qarabağa yollanan “Yerkrapa” könüllülərinə geri qayıtmaq əmri verib.
Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “168 jam” qəzeti yazır.Sərkisyanın könüllülərə çatdırılan əmrində deyilir ki, hazırda təmas xəttində sakitlik yaranıb və danışıqlar gedir. Ona görə də silahlı qüvvələrin tərkibinə daxil olmayan bütün könüllü qrupları silahlarını təhvil verib geri qayıtmalıdır. Bildirilir ki artıq dünəndən etibarən könüllü erməni yaraqlıları qruplar halında Ermənistana geri qayıdır.
Aprelin əvvəllərində Azərbaycan ordusu ermənilərin müdafiə xəttini yaranda Ermənistandan 4400-ə yaxın könüllü döyüşmək üçün Qarabağa yollanıb. Onlardan 1700-i silah və sursat, hərbi geyim alaraq bilavasitə təmas xəttində mövqe tutub. Qalanları “arxa cəbhədə” qalıb. “Hazırda könüllülərin silahlarının təhvil-təslim prosesi gedir”-qəzet yazır.
Lakin qəzet yazır ki, heç də bütün könüllülər Sərkisyanın əmrinə tabe olmaq istəmir. Onlardan bir hissəsi Azərbaycan ordusu tərəfindən alınan mövqeləri geri qaytaranadək Qarabağda qalmaq istəyir. Üstəlik Qarabağın silahlı dəstələri ilə Ermənistandan gələn “Yerkrapa” könüllüləri arasında qarşıdurma yaranıb.