Mayın 13-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin ölümlərindən sonra Prezidentin Sərəncamı ilə təltif olunduqları orden və medallar onların ailə üzvlərinə təqdim edilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi , polkovnik Abdulla Qurbani və başqaları çıxış edərək işğalçı Ermənistan ordusunun cəbhə xəttində atəşkəsi daim pozduğunu, Azərbaycan Ordusunun mövqelərinin və sərhədyanı kəndlərin atəşə məruz qaldığını qeyd ediblər. Bildirilib ki, aprelin 2-dən 5-dək təmas xəttində növbəti təxribatlar törədən düşmən layiqli cavabını alıb. Azərbaycan Ordusu bir sıra mühüm strateji yüksəklikləri azad edib.Tədbirdə belə bir əminlik ifadə edilib ki, Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət və ordumuzun artan qüdrəti nəticəsində işğal altındakı torpaqlarımız azad olacaq, Azərbaycanın dövlət bayrağı Xankəndidə, Şuşada dalğalanacaq.
Məlumat verilib ki, aprelin əvvəllərində təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olmuş polkovnik Yusifov Vüqar Nurəddin oğlu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətinə görə” ordeni ilə təltif olunub. Həmçinin əsgər Əliyev Vüsal İlham oğlu, müddətdən artıq hərbi xidmətdə olan Əsgərov Təbriz Hamlet oğlu, Qasımov Nurlan Cəmil oğlu və Dəmirli Altun Fərman oğlu ölümlərindən sonra Azərbaycan Prezidenti adından müdafiə naziri Zakir Həsənov tərəfindən 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər. Mərasimdə şəhid hərbçilərin layiq görüldüyü orden və medallar onların ailə üzvlərinə təqdim olunub.
Şəhid zabitin və əsgərlərin valideynləri ovladlarının göstərdiyi qəhrəmanlıqdan qürur duyduqlarını bildiriblər.