Aprelin əvvəllərində gedən 4 günlük müharibə zamanı erməni tərəfi mövqe itkiləri verib və əgər yaxın vaxtlarda bu mövqelər geri qaytarılmasa, sonradan ciddi problemlərlə üzləşəcək.
Virtualaz.org xəbər verir ki, bu bəyanatla ermənilərin “Şuşa” batalyonunun komandiri Jirayr Səfilyan keçirdiyi mətbuat konfransında çıxış edib.Onun sözlərinə görə, təkcə təmas xəttinin şimal-şərq istiqamətində (Ağdərə-Tərtər) ərazi itkiləri 7 milyon kvadratmetrə yaxındır. Səfilyan deyib ki, itirilmiş mövqeləri geri qaytarmaq üçün çoxsaylı çağırışlara baxmayaraq, hakimiyyət buna məhəl qoymur. “Rejim bütün çağırışlara cavab olaraq deyir ki, bu mövqelərin strateji əhəmiyyəti yoxdur və söhbət cəmi 100-200 metrdən gedir. Bu yalandır, faktiki itkilər çoxdur”, - Səfilyan deyib. O, hakimiyyəti xalqa həqiqəti deməyə çağırıb.
Erməni səhra komandiri bildirib ki, tezliklə səfərbərlik elan etmək lazımdır. “Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq”, - o bildirib.