Böyük Britaniya parlamentində Qarabağ dinləmələri

Böyük Britaniya parlamentində Qarabağ dinləmələri backend

Böyük Britaniya Parlamentinin İcmalar Palatasında Ermənistan-Azərbaycan münaqişəsinə dair ictimai dinləmələr keçirilib. Lent.az-ın məlumatına görə, Britaniya Parlamentində Azərbaycan Parlamenti ilə dostluq qrupunun sədri Bob Blekmenin ev sahibliyiilə baş tutmuş dinləmələrdə Lordlar Palatasının üzvləri Lord Kilkluni və Lord Roqan, İcmalar Palatasının üzvü Bob Blekmen, Londonun Vestminster və Hekni rayonlarının bələdiyyə şuralarının üzvləri, region üzrə ixtisaslaşmış araşdırmaçı mütəxəssislər, Avropa-Azərbaycan Cəmiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.


Dinləmələri giriş sözü ilə açan Bob Blekmen bildirib ki, aprelin əvvəllərində qoşunların təmas xəttində baş vermiş hadisələr Böyük Britaniyada narahatlıqla qarşılanıb və baş verən hadisələrlə bağlı şəxsən özü Böyük Britaniyanın xarici işlər nazir Filip Hammonda məktub ünvanlayıb. Britaniyalı deputatın ünvanladığı məktubun və həm də Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqtonun ona ünvanladığı cavab məktubunun mətni ilə tədbir iştirakçıları tanış edilib.

Dinləmələrdə geniş məruzə ilə çıxış edən Milli Məclisin üzvü, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirakçılara münaqişənin tarixi haqqında məlumat verib: "Əslində isə tarixdə ilk erməni dövləti 1918-ci ildə, məhz Azərbaycan torpaqları üzərində cəmi 9 min kv. km ərazidə yaradılıb. O zaman ilk erməni dövlətinin yaradılması üçün həmin torpaqların 90 il öncə bu ərazilərə köçürülmüş ermənilərə verilməsi müstəqilliyinin tanınması müqabilində böyük dövlətlər tərəfindən Azərbaycanın qarşısında qoyulmuş zəruri şərt olub. Azərbaycanın bu şərtə əməl etməsi ilə qalan bütün ətraf ərazilərdə Azərbaycan Demokratik Respublikasının suveren hüquqları təsbit edilib və bu ərazilər çərçivəsində Azərbaycanın müstəqilliyi dünya birliyi tərəfindən tanınıb”.

Çıxışının sonunda millət vəkili Azərbaycanın haqlı mövqeyinə dəstək verdiklərinə görə Böyük Britaniya hökumətinə və Parlamentinə minnətdarlığını bildirmiş və onları münaqişənin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün öz səylərini artırmağa çağırıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə müəyyən dairələr tərəfindən bəzi mətbuat səhifələrində münaqişəyə dini don geyindirmək cəhdlərinə toxunaraq bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan özünün rəngarəng dini, etnik və mədəni müxtəlifliyi ilə fəxr edir və ölkəmizdə heç zaman heç bir etnik və ya dini icmanın tarixi və mədəni mirasına qarşı təcavüzkar addımların atılmayıb.

Nümunə kimi Bakının mərkəzində yerləşən erməni kilsəsini, Azərbaycanda 30 mindən artıq etnik erməni əhalinin yaşadığını qeyd edən səfir Ermənistanın həm öz ərazisində, həm də işğal altında saxladığı ərazilərdə azərbaycanlılara məxsus tarixi və mədəni irsin məhv edilməsi siyasəti yürütdüyünü və mədəni irsin qorunması üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdən də boyun qaçırdığını deyib.

Çıxışların ardınca tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Bob Blekmen, Lord Kilkluni ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini vurğulayıb. Vestminster bələdiyyəsinin üzvü, əslən qarabağlı olan Murad Həsənli müzakirələrə qoşularaq nəzərə çatdırıb ki, Dağlıq Qarabağdan söhbət gedərkən beynəlxalq ictimaiyyət və həmsədr ölkələr azərbaycanlı icmasına yetərli diqqət vermir, daha çox Dağlıq Qarabağdakı etnik ermənilərdən bəhs edirlər. Dağlıq Qarabağın müqəddəratı yalnız yerli azərbaycanlı icması öz torpaqlarına geri qayıtdıqdan, Dağlıq Qarabağın münaqişədən əvvəlki demoqrafik tərkibi bərpa edildikdən və onların təhlükəsizliyinə tam təminat verildikdən sonra müəyyənləşə bilər.
Diaspora