“İndinin özündə belə mən yatanda üzü Qarabağa, vətənə olur yönüm...“

“İndinin özündə belə mən yatanda üzü Qarabağa, vətənə olur yönüm...“ backend

Laçın işqal olunanda rayonun adı yazılan lövhəyə baxıb ağlayırdım. Uzun müddət Avropada yaşayan, başqa bölgədən olan dostum mənə deyirdi ki, dəli olmusan? Ağdamda, "Dom Çay"da bu gün çay içim sabah ölsəm də dərdim olmaz..."

Fərəc Fərəcov: "Xlorla bacımın adını pozub attestata öz adımı yazdım"

Ötən əsrin adamları

“17 yaşıma qədər kiməsə göstərməyə bir dənə də olsun şəklim yoxdur. Sən bizi anlamazsan”.

APA TV-nin “Ötən əsrin adamları” verilişi Ağdamın Gülablı kəndindən qaçqın düşən 83 yaşı Fərəc Fərəcovun ailəsinin qonağı olub.

“İstərdim sizi Ağdamda qarşılayım. Burda özümü adamlara borclu bilirəm. Hələ də ağlım oralardadır”.

O iyirmi yeddi il Ağdamda Kiçik Qafqaz Geoloji Kəşfiyyat İdarəsində çalışıb, sürücü olub. Deyir Gülablının havası, suyu, qoxusu belə başqa idi :

“İndi adam hərdən qəribsəyir oralar üçün. Amma hələlik əlimiz yetmir. O kənddə on dörd bulaq var idi. İkinci belə kənd tanımıram mən. Ev-eşik tikib quranda da əlimizdən tuturdu təbii sərvətləri. Pul verib daş, qum almırdıq”.

Fərəc kişi deyib ki, atası müharibədən qayıtmayıb. Anası səkkiz uşaq saxlayıb illərlə. O ailənin böyük övladı olduğuna görə anasının əsas yardımçısı imiş həm də.

“Gecələr kotana getmişəm, gündüzlər məktəbdə partanın üstündə yuxulamışam. Müəllimlər vəziyyətimizi bilirdilər. Yatanda məni ayıltmırdılar. Beləcə dörd sinif oxudum. Atestat vermədilər mənə. Bacım otra məktəbi bitirib ailə qurdu. Mən də onun atestatını götürüb, adını xlorla pozub yerinə öz adımı yazdım. Gedib Özbəkistanda sürücülük məktəbini oxuyub bitirdim”.

Fərəc kişinin səhətində ciddi problemlər yaranıb indi. İki dəfə infarkt keçirib. İkincisi Bakıya gələndən sonra olub. Birinci infarktı sükan arxasında keçirib.

“Basarkeçərdən qovulan adamları daşıyırmıq. Mən dözə bilmədim. İnsanların göz yaşı, ağrıları, ah-vaylar, uşaqların qışqırıq səsləri dəhşətli idi. İndi də qulağımdadır o səslər”.

Bir də ayılıb ki, xəstəxanadadır. Əvvəlcə nə baş verdiyini anlamayıb. Sonra səhhəti haqda həkimdən eşidib. Başa düşüb ki, vəziyyəti yaxşı deyil. Buna baxmayaraq evinə xəbər verilməsini istəməyib. Bir qədər özünü yaxşı hiss eləyən kimi maşına oturub işinə dönüb.

Bütün söhbət boyu yanımızda oturan qadın, Məhluqə xala illərdi sakit, səssiz çəkib həyat yoldaşının qayğısını. Bütün azərbaycanlı xanımlar kimi kişi sözünü bitirməmiş danışmaq istəmədi. Amma fürsət düşəndə ondan Fərəc kişi ilə harada, necə tanış olmasını soruşdum.

“Öz kəndimizdə tanış olmuşuq. İndi oğlan - qız bir - birinə yaxınlaşıb söz deyə bilir. Bizim zamanımızda belə şeylər olmazdı.
Məni ona, onu da mənə böyüklərimiz məsləhət görmüşdülər. Mən də baxdım ki, pis adam deyil. Ömür boyu ailə, insan qayğısı çəkən, zəhmətkeş adam olub. Etiraz eləmədim. Həm də biz bir kəndin uşaqları idik axı. İndi əlli üç ildir bir yerdə yaşayırıq. Deyim ki, çox yaxşı həyatımız olub. O mənim bu illərdə bir dəfə də olsun xətrimə dəyməyib. Yaxşı ailə başcısıdır”.

Sonra Məhluqə xala, Gülablıdan necə çıxdıqlarından danışıb.

“Vəziyyət ağır idi. Kəndə əsgərlər gəldi. Əslində bizi aparmağa gəliblərmiş. Amma birbaşa deyə bilməyiblər. Oturdular, evlərdən içməli su istədilər. Onda soruşduq ki, “bala bəs nətərdi vəziyyət?”... Dedilər ki, güc çatmır, yığışın”.

Məhluqə xala qaçqınlığı dəhşətini belə anladıb: “Evdən götürmək üçün nəyə əl uzatdımsa elə bil o biri əşya dedi ki, məni də götür. Fikirləşdim ki, bu qabı götürüm?...Yox, o biri qab məndən inciyəcək axı. Bu paltarı götürüm? O biri küsəcək axı...Heç nə götürməyə əlim gəlmədi. Sənədləri, kişinin anasıyla şəklini, özümüzün şəklimizi, bir də bürünməyə yorğan götürdük.
Başqa hər şeyimiz qaldı. Elə bil özümüz də qalmışıq”...

Qaçqınlar nə qədər yaxşı yaşayırlar yaşasınlar, qayıdım keçmişlərini gəzməyə, əllə toxunmağa imkanları yoxdu. Çünki, doğulub böyüdükləri yerlər, qurub yaratdıqları evlər işğaldadı. Ona görə də qaçqınçılıqda qurduqları evlərdə üzü vətənə yatanlar da çoxdur aralarında. Fərəc kişi belə deyib:

“Bəlkə siz inanmazsınız. İndinin özündə belə mən yatanda üzü Qarabağa, vətənə olur yönüm”.

Diaspora