Prezident Bərdədə müalicə alan yaralılara baş çəkib - FOTOLAR

Prezident Bərdədə müalicə alan yaralılara baş çəkib - FOTOLAR backend

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə baş çəkdilər. QAZİLER.AZ-ın Azərtac-a istinadən məlumatına görə, bu tibb ocağı ölkəmizdə səhiyyə islahatları çərçivəsində yaradılan və ən müasir standartlara cavab verən ilk müalicə diaqnostika mərkəzlərindən biridir. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini – Zahid Rəhimov, Elgiz Qarayev və Anar Abdullayev burada müalicə olunurlar. Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlandılar və tezliklə sağalmalarını arzuladılar.

Prezident İlham Əliyev: Necəsiniz? Həkimlər sizə yaxşı baxırlar. Mənə məlumat verirlər ki, sizin vəziyyətiniz yaxşılaşıb. Yaxşı müalicə alırsınız. Əminəm ki, tezliklə buradan çıxıb evinizə qayıdacaqsınız. Mən gəlmişəm ki, sizi görüm, öz sözümü deyim. Siz erməni silahlı təxribatından əziyyət çəkmisiniz. Görürsünüz ki, onlar mülki əhaliyə qarşı müharibə aparırlar. Evlər dağılır, insanlar həlak olur, mülki şəxslər yaralanırlar. Bu, hərbi cinayətdir. Ermənilər döyüş meydanında məğlub olurlar, mülki əhaliyə atəş açırlar.



Yaralı: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik.

Prezident İlham Əliyev: Tezliklə sağalacaqsan, hər şey yaxşı olacaq. Eşitmə qabiliyyətin bərpa olunacaq.

Yaralı: İnşallah.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev: Cənab Prezident, ali təhsilli həkim-stomatoloqdur.

Prezident İlham Əliyev: Hansı kənddənsən?

Yaralı: Ağdam rayonunun Çəmənli kəndindənəm.

Prezident İlham Əliyev: Bir qədər əvvəl oradan keçmişəm.

Həkim: Qapalı kəllə-beyin zədəsi diaqnozu qoyulub. İndi vəziyyəti orta ağırdır. Nisbətən yaxşılaşıb.



Yaralı: Cənab Prezident, Siz bizim arxa-dayağımızsınız. İnşallah, sağalıb kəndimizə qayıdarıq.

Prezident İlham Əliyev: İnşallah, tezliklə sağalıb normal həyata dönəcəksən. Mən indi sənin qonşularınla görüşmüşəm. Ağdamlılar hamısı bir nəfər kimi möhkəm dayanıblar, möhkəmdirlər.


Yaralı: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Siz də Çəmənli kəndindənsiniz?


Yaralı: Bəli.

Vidadi İsayev: Aprelin 27-dən 28-nə keçən gecə gətiriliblər. Gələndə birinin vəziyyəti çox ağır, ikisinin vəziyyəti isə orta ağır idi. Əməliyyat olundular, indi gündəlik müalicə alırlar.

Prezident İlham Əliyev: Gecə oldu, evdə oturmuşdunuz?


Yaralı: Həyətə çıxmışdıq. Güclü atəş açdılar. Mərmi təxminən 20-30 metrlikdə yerə düşdü, qəlpə dəydi. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizi qorusun. Gün o gün olsun ki, doğma torpaqlarımızda bayrağımız dalğalansın. Biz həkimlərimizə də uzun ömür, cansağlığı arzulayırıq. Allah onların da köməyi olsun.



Prezident İlham Əliyev: Həkimlər sizə yaxşı baxırlar. Gözəl şərait yaradılıb. Bərdə Müalicə-Diaqnostika Mərkəzi 2008-ci ildə istifadəyə verilib. Ölkədə ilk tikilən diaqnostika mərkəzlərindən biridir. Burada şərait yaxşıdır. Həkimlər də sizə yaxşı baxırlar. Tezliklə sağalacaqsınız, evlərinizə qayıdacaqsınız.

Yaralı: İnşallah. Sağ olun. Allah Sizi, bütün əsgərlərimizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Allah şəfa versin.

Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzinin kollektivinə yaralılara yüksək səviyyədə xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Diaspora