Əli Həsənov BMT nümayəndəsinə ciddi iradlarını bildirib

Əli Həsənov BMT nümayəndəsinə ciddi iradlarını bildirib backend

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 28-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

Qaziler.az bildirir ki, Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi xüsusi vurğulanan görüşdə eyni zamanda bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb ki, bütün bunlar da istər bu qurumun ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub.

Görüşdə Baş nazirin müavini Əli Həsənov 11 aprel tarixində BMT QAK-ın rəsmi veb səhifəsində yayılmış, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel 2016-cı il tarixində baş vermiş hadisələrlə bağlı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yanlış və təhrif olunmuş məlumatla bağlı öz ciddi iradlarını bildirib.

Diqqətə çatdırılıb ki, həmin məsələ ilə bağlı Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ATƏT və BMT-nin Vyanadakı institutları yanında Əlaqələndirici Ofisinin rəhbəri Frank Remus ilə, ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun BMTQAK-ın Cenevrədəki qərərgahının mətbuat xidmətinin əməkdaşı Leo Dobs və Avropa Bürosunun əməkdaşı Anatoli Poucay ilə görüşləri keçirilib. Görüş zamanı həmin məlumatda yer alan təhrif olunmuş məlumatların yolverilməz olduğu, ümumilikdə bu formada yazılmış məlumatların BMT QAK-ın qeyri-siyasi xarakterli mandatına uyğun olmadığı, yazıda ortaya qoyulan mövqeyin isə BMT TŞ-nin müvafiq dört qətnaməsinə və BMT-nin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyinə zidd olduğu ciddi şəkildə BMT QAK-ın nümayəndələrinin diqqətinə çatdırılıb.

Görüşdə Baş nazirin müavini bildirib ki, həmin məlumatın veb-səhifədən götürülməsinə baxmayaraq, bu məsələ ilə bağlı təkzib verilməlidir və bunun üçün ciddi xəbərdarlıq edib.

O, həmçinin qeyd edib ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, mülki əhalidən olan sakinlər isə həlak olmuşlar. Lakin BMT QAK-ın rəsmi veb-səhifəsində yer almış press-relizdə bu barədə heç nə deyilmir. Bü cür yanlış və təhrif olunmuş informasiyaların verilməsi isə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qətnamələrinə ziddir.

Azərbaycanın son illər qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən, Azərbaycan dövlətinin bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyindən danışan Baş nazirin müavini Ə.əsənov onu da diqqətə çatdırıb ki, belə halların baş verməsi nəticəsində ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır.

Görüşdə eyni zamanda Yaponiyanın "Fuji Optikal" şirkətinin rəhbəri, beynəlxalq "Nansen qaçqın mükafatı"na layiq görülmüş doktor Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı növbəti səfəri və 20 İyun - Ümümdünya Qaçqınlar Günü ilə bağlı tədbirin keçirilməsi haqqında da müzakirələr aparılıb.
Diaspora