Erməni hərbi birləşmələrinin hədəfi dinc əhalidir. Onlar çalışır ki, qadınları, uşaqları vursunlar. Bunları APA TV-yə tərtərlilər deyiblər. İki gündür top mərmiləri altında yaşamaq məcburiyyətində olan Tərtərin Əskipara kənd sakinləri erməni təxribatının hədəfinə çevriliblər. Ötən gecə təkcə yaşayış məntəqəsinə 3, kəndin əkin sahələrinə isə 10-dək top mərmisi düşüb.
Kamilə Qasımova, Əskipara kənd sakini: “Yaralanan yoxdur kənddə. Amma heyvanı ölən, evə ziyan dəyəni var. Biz qorxmuruq ermənidən. Evimizdən hara gedəcəyik? Ev tikdirmişik ki çıxaq gedək harasa? Biz ermənidən qorxmuruq”.
Kənd sakini İsmayıl Qasımovun həyətyanı torpaq sahəsinə 2 top mərmisi düşüb. Mərmi qəlpələri evin bütün qapı-pəncərəsini yararsız hala salıb.
İsmayıl Qasımov, kənd sakini: “Evdə oturmuşdum. Gördüm ağır artilleriyadan kəndimizi atəşə tutdular. Bayıra çıxdım, gördüm qonşu həyətə mərmi düşdü. Aralaşdım, gördüm həyətimizə də düşdü. Bir az da uzaqlaşdım ki, qəlpə dəyməsin. Gördüm ikinci mərmi də düşdü. Sakitləşəndən sonra gəldim baxdım ki, evimiz pis gündədir. Həyət, ev, su, qaz boruları, şifer, qapı-pəncərə sökülüb-dağılıb, deşik-deşik olub”.
Aidiyyəti qurumlar günün ikinci yarısında İsmayıl Qasımovun evində bərpa işlərinə başlayıb. İşıq xətti bərpa olunub, qaz xəttində isə təmir işləri gedir. Tərtər Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası zərər görmüş bütün evlərə baxış keçirir, qeydiyyatının aparır. Araşdırmalar başa çatdıqdan sonra hazırlanan sənədlər evlərin bərpa olunması üçün aidiyyəti təşkilatlara təqdim olunacaq.
Qeyd edək ki, 26 aprel tarixində erməni hərbi birləşmələrinin atəşkəsi ağır artilleriyadan pozması nəticəsində yaşayış evləri və əkin sahələrinə onlarla mərmi atılıb. Mərmilərdən biri Qarağacı kənd məzarlığına düşüb. Nəticədə 3 məzar daşı dağılıb. 20-dən çox məzara isə çoxlu sayda qəlpə dəyib.