Erməni silahlı birləşmələrinin aprelin 26-sı saat 22-dən etibarən Tərtərin təmas xətti yaxınlığındakı yaşayış məntəqələri artilleriya və minaatanlardan mütəmadi atəşə tutması nəticəsində bir çox evə ziyan dəyib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Lent.az-a bildirib ki, ermənilər artıq təmas xəttində yerləşən, həmçinin, bir qədər aralıdakı Çaylı, Şıxarx, Əskipara, Seydimli kəndlərini, eləcə də Yuxarı Qapanlını müntəzəm atəşə tutub: “Bu gecə Tərtərdə 8 evə mərmi düşüb ki, onlardan biri Yuxarı Qapanlı kənd sakini Azad Bəkirovun mənzilini tamamilə dağıdıb. Həmçinin 11 kəndin elektrik enerjisi ilə təmin edən yarımstansiyaya ziyan dəyib xətlər sıradan çıxıb”.
İcra başçısı bildirib ki, rayon fövqəladə hallar komissiyası son günlərdə ermənilərin atəş zərbələri nəticəsində evlərə və digər infrastrukturlara dəymiş ziyanın həcmini müəyyənləşdirir: “Biz aprelin 2-5-i arası evlərə dəymiş ziyanla bağlı təmir işlərini artıq yekunlaşdırmışıq. Yaxın günlərdə son hadisələr zamanı zərər dəymiş evlərdə də işə başlanılacaq”.