BQXK erməni hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi əməliyyatı ilə bağlı məlumat yayıb

BQXK erməni hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi əməliyyatı ilə bağlı məlumat yayıb backend

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) erməni hərbçinin meyitinin qarşı tərəfə verilməsi əməliyyatı ilə bağlı məlumat yayıb.

Qaziler.az bildirir ki, BQXK-nın Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu gün BQXK himayəsi altında keçirilən əməliyyat zamanı erməni hərbiçinin meyiti geri qaytarılıb.

Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş tutub.

Bu təhvilvermədən əvvəl BQXK münaqişə tərəflərinin meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin tərəflərin meyitlərin bir-birinə qaytarılmasında yardımçı olub.

“Biz, münaqişənin son gərginləşməsindən sonra itkin düşmüş hesab edilən hər bir şəxsin taleyinə aydınlıq gətirilməsi istiqamətində tərəflərin göstərdikləri səyləri müsbət qiymətləndiririk. Bundan fərqli olaraq, 1992-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin aktiv mərhələsində itkin düşmüş 4000-dən artıq şəxsin ailəsi hələ də onların talelərindən bixəbərdir. Bu ailələrin cavabla təmin edilməsi bizim əsas prioritetlərimizdən biridir”, - deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib.

Qeyd edək ki, BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyət həyata keçirir. 2 aprel tarixində cəbhədə baş vermiş gərginlikdən sonra BQXK humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi xidmətlərini təklif edib.
Diaspora