Yazında – yayında Vətənimin yaşıl çəmənli, lalə yamaclı, yasəmən ətirli , torpağı cənnət qoxan, payızında yarpaqları xəzan olub, yağışından nur – bərəkət daman, qışında ayazı- şaxtası ilə kəklikləri hürküdən evlərinin damı ağ – Ağdamım!!!
Diplomat olmaq arzusunu ürəyində aparan şəhid…Və bir gün Vətənin üstünü Şimaldan gələn səmum küləkləri aldı. Bəli,özü şimal olsa da, küləkləri səmum idi. Rusiya Ordusunun fitvası ilə, təqvası ilə silahlanan mənfur ermənilər özlərinin on illiklər ərzində yazıb-pozduqları niyyətlərini aşkar etdilər. Vətənin başını qara buludlar aldı. İçəridə xəyanətlər, arxada düşmən… Yandı Vətənimin bağrı, yandı Odlar yurdum Azərbaycan.
Qan gördükcə vəhşiləşən, qocaya-uşağa baxmayan, hamilə gəlinin balasını qarnından çıxaran, oğlunun başını anasının gözləri qabağında kəsən ermənilər vətənimizdə qətliamlar törətdilər. Xocalını yer üzündən sildilər. Bununla da hikkələri soyumadı, böyüklərindən və havadarlarından aldıqları təlimata uygun olaraq, bir-bir kəndlərimizi, rayonlarımızı zəbt etdilər.
Leksionumuza uyğun olmayan, tarix kitablarında oxuduğumuz müharibə terminləri gəldi dilimizə. “Səngər, avtomat, pulemyot, təmas nöqtəsi, artilleriya…, düşmən daha bir yaşayış məntəqəsini ələ keçirdi”, – kimi sözləri hər gün, hər saat eşitməyə başladıq. 6-12 yaşında uşaqların da oyun qaydaları dəyişdi. Alınlarına qara sarğı bağlayıb, dava-dava oyunu oynadılar. Hamısının da istəyi bir idi: erməni öldürürdülər. O erməniləri ki, Vətənlərini viran qoyub, Qarabağa qarğa kimi qonmuşdular.
Bu ağır günlərdə hamı kimi, Ağdamın Cinli kəndində yaşayan İbrahim Orucovun ailəsinin dincliyi, güzəranı pozulmuşdu. Atılan top səsləri sərhədyanı bölgələrdə insanlara aman vermirdi. Belə günlərin birində Rusiya Ordusunda yenicə hərbi xidmətə yola saldığı böyük oğlu Raquf gəlib çıxdı. Hərbi hissəni özbaşına tərk etdiyindən ailədə hamı təşviş keçirirdi. Özü də hərb sahəsində çalışan İbrahim kişi aparıb oğlunu hərbi hissələrdən birinə yazdırdı. Gün – gündən ağır gəlir, hər gün torpaq əldən gedir, obaya – elə nə qədər şəhid gətirirdilər. Raquf Orucov da Ağdamdakı hərbi hissələrin birində xidmət edirdi. Vaxtı olanda evə gələrdi. Belə günlərin, ayların birində 3-4 ay gözə görünmədi. Anası Raya yaman nigaran idi. Günlərin birində evə gələndə, 3 qardaş və bir bacı böyük qardaşlarını axsayan gördülər. Sən demə bu üç – dörd ay ərzində qəsbkar ermənilərlə döyüşlərdə, Fərrux dağı və Aranzəmin kəndlərində aparılan hərbi əməliyyatlar zamanı ağır qəlpə yarası alıbmış. Anası və evdəkilər onun yaralandığını görməsinlər deyə, iradəsini toplayıb, bu görüşdən yayınmışdı. Elə həmin günlərdə ermənilərin fəaliyyətləri daha da genişlənməyə başlamışdı. Növbəti həmlələrin birində düşmən tərəfin atdığı güllədən Raqufun özü ilə yaşıd dayısı Azər Rəhimov da həlak oldu. Bir az keçəndən sonra düşmən Ağdamın ən hündür yüksəklikdə yerləşən Cinli kəndini də zəbt etməyə nail olur. Qanlı döyüşlərdə, Azərbaycan əsgərləri nə qədər şücaət göstərsələr də, Rus Ordusunun kömək etdiyi ermənilər, onların iradəsini sındıra bilmişdilər. 1993-cü ilin 12 iyun günündə Orucovlar ailəsini daha bir fəlakət bürüdü. 5 övladın anası Raya Rəhimova namərd düşmən gülləsindən həlak oldu.
Zabil Orucov iradəsini toplayıb, qardaşının ömür yolu haqqında danışmaqla, sanki özündə rahatlıq tapmaq istəyirdi:
– Anamı kəndimizdə dəfn edə bilmədik. Həmin gecə elliklə bütün kənd yaxınlıqdakı Çullu kəndinə daşındıq. Anamın nəşini də gətirib, o kənddə dəfn elədik. Səhərisi günü, yəni 14 iyunda Çullu kəndi də əlimizdən getdi. Böyük itkilər verdik həmin gün də. Gəldik Hindarx qəsəbəsinə. Iyulun 23-ü isə Ağdamın bütün strateji nöqtələri, yüksəklikləri ermənilərin və onların havadarlarının əlində idi.
ARAYIŞ: O qanlı döyüşlərdə Ağdam şəhəri 6 minə qədər şəhid vermişdi. Ərazisi 1094 kvadrat-kilometr olan Ağdamın 882 kvadrat-kilometri, bir şəhər və 80 kəndi işğal altında qaldı. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Onların 17 mini yaşlı nəslin nümayəndəsi idi. 2015-ci ilin statistik göstəricilərinə nəzər salanda isə məlum olur ki, Ağdam rayonunda olan 191000 min nəfər əhalidən 90.0 min nəfərədək hazırda həmin rayonun ərazisində, o cümlədən 23290 nəfər yeni salınmış qəsəbələrdə yaşayır. Öz yurdlarından məcburi kökçün düşmüş 34516 ailə və 146931 min nəfər respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Yeni salınmış 18 qəsəbədə hazırda 4990 ailə, 25708 nəfər yaşayır.
– Şəhid anamı dəfn edən günü elə bil ki, 20 yaşı olan qardaşım Raquf böyüdü. Yaşlandı. Ondan sonra biz onu qəhqəhə ilə gülən görmədik. Yumruqlarını sıxıb, anamın məzarı üstündə şax dayanmışdı. Gözlərində qisas var idi. Dəfələrlə qardaşımdan xahiş etdik ki, o qəlpələri ayağından çıxartdırsın. Belə söhbət gələndə gülümsünüb, sakitcə üstündən keçirdi. O qəlpələr gənc Raqubun yol yoldaşı idi. Hər gün anasızlığın, vətənsizliyin ağrısını xatırladırdı.
Getdi badə, bu çəməndə qalmadı bir yasəmən,
Axtarıb nərgiz yerində sən görərsən xarü xəs.
Ney kimi sinəmdə vardır möhnətü qəmdən düyün,
Söyləməkçün dərdimi yоxdur cahanda həmnəfəs.
Bəzmdən kəsmiş ayağın şahidi-məqsudimiz,
Gözlərimlə qəlbimin məqsədinə yоx dəstrəs.
Ruhu təndə qоymadı dəhrin bu sоnsuz qəmləri,
Qоymadı könlüm quşunda bir təhəmmül bu qəfəs. (M.Füzuli)
Qərib həsrətinin yuxusu dərin
Daha sonra Orucovlar ailəsi başda İbrahim kişi olmaqla 14 nəfər ailə üzvü Sumqayıt şəhərindəki yataqxanalardan birində yerləşdilər. Raquf Orucov həmin ili sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verərək, 2 il ərzində lazımi hərbi biliklərə yiyələnir. Qardaşı Zabil Orucov deyir ki, hətta kursant Orucov məktəbdən verilən müavinətləri belə özünə xərcləməyib, gətirib atasına, onlara analıq edən nənəsi və həyatını qardaşının 4 balasına həsr edib, ailə həyatı belə qurmayan bibisi Səyyarəyə verirmiş. 1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra, onu Bakıdakı qarnizonlara və hərbi hissələrə təyin etsələr də, gənc zabit ön cəbhədə olmağa üstünlük verir. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murova alaraq, kəşfiyyat bölümünün komandiri kimi fəaliyyətə başlayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 illi tamam olanda mükafatlananlar sırasında birinci yerdə Raquf İbrahim oğlu Orucovun adı olur. Həmin ərəfədə “Milli Ordu” qəzetinin müxbirinin suallarını cavablandıran baş leytenant deyir: “Silahın sirrlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan bir işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail ola bilməyəcəksən”.
1997-ci ildə Kəlbəcər tərəfdə kəşfiyyat bölüyünün komandiri işləyən gənc zabit dövlət tərəfindən verilən hərbi kəşfiyyat tapşırığını çox böyük peşəkarlıqla yerinə yetirir. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olur. Hərbi kəşfiyyatın bütün sirrlərinə malik olan Raquf Orucov rəhbəri olduğu tağımda əsgərlərə də bu sirrləri öyrədir, hətta hər bir kəşfiyyatçıının çiçəklərin, otların, quşların xasiyyətinə bələd olmasının mühümlüyünü başa salır. Elə həmin ildə daha bir uğurlu əməliyyatı olur. İşğal olunmuş Kəlbəcərdə erməni hərbi hissəsinə girərək, onların səhər düzlənməsini, eyni zamanda hərbi hissənin korpuslarını, Azərbaycan tərəfə lazım olan bütün vacib elementləri və nöqtələrini video lentə alır.
Fikirləşərsiniz ki, bunu necə edib?! Artıq bu əməliyyat hərbi sirr olmadığından, onun detallarını açmaq olar. Bu əməliyyata gedənə qədər Raquf Orucov erməni dilində danışmağı öyrənir. Və dil bilməyi onun köməyinə çatır. Ancaq fikirləşəndə ki, tək başına gedib, erməni taborunun içərisinə girəsən və hərbi hazırlıq prosesini çəkəsən… Adətən belə səhnələri kinolarda görmüşük. Bu əndazədə olan uğurlu əməliyyat və video görüntülər, dərhal respublikanın prezidenti Heydər Əliyevə çatdırılır. Kəşfiyyatın sirrlərinə, bütün mexanizminə malik DTK generalı Heydər Əliyev Raquf Orucovun mükafatlandırılması üçün əmr imzalayır. Ali Baş Komandan Heydər Əliyevin 24 iyun 1998-ci il fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunur. 2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə komandanlıq da ona tapşırılmışdı. Yalnız 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə komandir qərərgah rəisi təyin olundu. Çünki buradan vətənin havasını hər gün duyurdu. Hara getsə, Ağdam onu çəkirdi.
Qərib həsrətinin yuxusu dərin,
Torpağı oyanmaz, suyu oyanmaz.
Yolu sərhədlərə dikilənlərin,
Axar gözlərinin yaşı dayanmaz (N.Kəsəmənli)
Qalibiyyət gecəsi
2014-cü ilin avqust ayında Azərbaycan Ordusu yeni bir sınaq qarşısında idi. Ordumuzun Vətən keşiyində dayanan müsəlləh əsgərləri avqust ayının əvvəlində 3 günlük döyüşlərdə şücaət göstərək həlak oldular. Həmin döyüşlərdə Qərərgah rəisi Raquf Orucovun da əsgərləri vuruşurdu. Döyüşlər səngiyəndən sonra, Sumqayıta atasına, doğmalarına və ailəsinə baş çəkməyə gələn Raquf Orucov kiçik qardaşı Zabildən xahiş edir ki, ayağındakı çəkmələri çıxarmağa ona yardım etsin. Zabil deyir ki, həmin gün çəkmələri onun ayağından güclə çəkib çıxardım. Ayaqları şişib çəkmə ilə bir olmuşdu. Sən demə o qızğın döyüşlər başlayandan 5 gün ərzində, çəkmələr ayağından çıxmayıb. Evində axşama qədər istirahət edəndən sonra, Raquf Orucov elə həmin gecə yenə də hərbi hissəyə qayıdır…
Bu il martın 31-də Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Samittində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edirdi. Aprelin birində isə ABŞ prezidenti Barak Obama ilə çox səmimi bir görüş keçirildi. ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğuladı. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirdilər. Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin də iştirak etdiyi bu görüşdə Azərbaycan, Qzaxıstan və Türkiyə prezidentlərinin mehriban görüşmə səhnələri Şimal qonşumuzu çox mütəəssir etdi. Elə həmin gecə, aprel ayının 1pdən 2-nə keçən gecə, Ermənistan separatçı və quldur rejimi sahiblərindən aldıqları göstərişə əsasən yenidən təxribata əl atdılar. 22 ildən bəri davam edən hər gün pozulan atəşkəs rejimini bir daha pozdular. Və bu dəfə… artıq səbrlər tükənmişdi. Azərbaycan Ordusu öz torpaqlarında olan quldurlara əks hücuma keçdilər. Ağdam, Füzuli, Tərtər rayonunun bir sıra yaşayış məntəqələri, o erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalıdı. Döyüş 4 gün davam etdi. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin müdaxiləsindən sonra, istəmədiyimiz atəşkəs razılığı əldə olundu.
Azərbaycan Ordusu dörd gün ərzində dinc əhali və hərbiçilər arasında itkilər verdi. Lakin bir neçə ərazimizi də geri aldı. Həmin gecə Azərbaycan Ordusunun əsgərləri bizə Qalibiyyət sevincini yaşatdılar. O anı 23 il idi ki, gözləyirdik. O anın həsrətində idik. Bilirdik ki, Vətən torpaqlarının geri qaytarılmasında yenə şəhidlər vermişik. Yenə qurbanlarımız var. Yenə Vətən oğulları, gözlərini qırpmadan düşmənlə döyüşə girib, qalib oldular. Ordumuz ermənilərin təxribatına cavab verərək güclü əməliyyat apardı. Erməni qoşunlarına bir daha öz yerini göstərdi.
Ölkəmizdə bir təlatüm yaşanırdı. 23 il gözləyən xalq, gənclər küçələrə, meydanlara axışıb savaş istəyirdilər. Şəhid olan, torpaq alan əsgərlərimiz insanlarda Orduya inamı yüksəltmişdi. Qəhrəman adı Torpaq alan əsgərə yaraşır.
"Şəhidlər ölməz, vətən bölünməz"
…Vətən fədailərinin üç rəngli bayrağımıza bükülən tabutları evlərinə gətirilirdi. Yenə neçə arzu ürəkdə, neçə kam gözdə qaldı. Zəng gözləyən telefonlar susdu.
4 aprel gecə saat 23.30-dur. Sumqayıtdakı 14-cü məhəllədəki binanın qarşısında böyük izdiham toplaşıb. Polkovnik leytenant Raquf Orucovu qarşılamağa çıxmışdı komandirin əsgərləri, sumqayıtlılar. Onun yaşadığı binanın həyətində yüzlərlə insan toplaşmışdı. Həmişə evinə, balalrının görüşünə sevinə-sevinə tələsən komandiri indi zabitlər çiyinlərində gətirmişdilər. Sumqayıt şəhidi "Şəhidlər ölməz, vətən bölünməz", – şüarıyla, coşqu ilə, alqışlarala qarşıladı. Hamı Raquf Orucvova əsgər salamı verdi. Lakin komandir ilk dəfə əsgərlərə sayqısızlıq göstərdi, salamlarını almadı. Gənclər Vətən şerləri söylədilər. Azərbaycan himnini, “Marş irəli,Azərbaycan əsgəri” oxudular. Həmin anda Fəzlullah Nəimi və İmadəddin Nəsiminin müridləri düşdü yadıma. Onlar da ustadlarını belə yola salmıdşılar. Yadınızdadırsa, Nəsiminin bu beytini oxuyurdular:
Fəzli-həqdir vaqifi-əsrarımız,
Fəzli həqdəndir qamu ənvarımız.
Fəzli-həq göstərmiş idi karımız,
Fəzli-həqdir, Fəzli-həq me’marımız.
Həmin gecə sumqayıtlılar, qərargah rəisi Raquf Orucovun əsgərləri onun yetişdiyi HAQQ məqamına inandılar.
…Bir elin, bir elatın, bütün Azərbaycanın sevimlisi olan hərbiçi zabitin tabutunu qucaqlayan bibisi Səyarə , saçlarını yolurdu. Gəlib gedəndən oğlunu soruşurdu. “Kişilər ağlamaz” – deyirlər. Ancaq bu oğul itirən atalara aid deyil axı. Otaqların birində səssiz ağlayan bir yaşlı kişi gördüm. Gözünün yaşı dayanmayırdı. Dağ boyda İbrahim kişi yumağa dönmüşdü. Nələr gəlib keçirdi gözlərinin önündən. Həyat yoldaşı Raya vəfat edəndən sonra, balalrını ögey ana əlinə vermədi. Anası-bacısı ilə onları pərvazlandırdı. Qəhrəman Raqufun Ordu sıralarında qazandığı uğurlarına sevinirdi… O belə arzulamamşıdı. Raqufun böyük oğlu Aqşin gəldi babasının yanına. Onda İbrahim kişinin üzünə bir də baxdım. O kədəri, o ağrını söz yazmaqda acızdır. O mərd kişinin şəklini çəkən rəssam gərək idi… Qovrulurdu, yanırdı atanın ürəyi. Arxası, dayağı getmişdi onun evindən, elin əlindən.
Komandir Raquf Orucovu qarşılayan gənclər, daha sonra Şəhidlər xiyabanına getdilər. Sumqayıt Şəhidlər Xiyabanında uyuyan 399 şəhidə xəbər apardılar, göz aydınlığı verdilər ki, onların məqamına yüksələn bir Vətən oğlu da gəlir.
Sevincini itirən Sevinc
Əslində keçdiyi həyat yolu, Vətən yolunda göstərdiyi xidmətlər qarşılığında generallardan da böyük GENERAL Raquf Orucovun həyat yoldaşı ilə baş tutan görüşümüzdə öyrəndim ki, 1998-ci ildə ailə həyatı qurublar. İxtisasca hüquqşünas olan Sevinc xanım, Raqufun ailəsinin yaşadığı yataqxanaya gəlin gedib. Bir az sonra isə elə əslində onun da əsgərlik həyatı başlayıb. İlk oğlanları Aqşin Hacıkənddə dünyaya gəlib. Sonra soyuq bir qış günündə zabit həyat yoldaşının qayğısını çəkmək, hər zaman onun yanında olmaq üçün Murova gedib. Buraların soyuğu, sazağı qorxutmayıb bu şəhər qızını. Necə deyərlər, “Yar yolunda boran olar, qar olar”. Bir qayda olaraq, Vətən torpaqlarının keşiyini çəkən komandir heç zaman ailəsini görməyə gəlmirdi. Bütün çətinliklərə rəğmən, ailəsi onu görməyə gedirdi… Düz 17 il həyat yoldaşı ilə birlikdə Vətənin xidmətində durdu Sevinc xanım. Sonuncu görüşləri isə Novruz bayramı ərəfəsində martın 21-22-də olmuşdu. Bayram süfrəsi ətrafına bütün qardaş-bacılar yığışdılar. Həmin gecə Zabil qardaşından xahiş edir ki, nə olur bu balaca uşaqlarla bir şəkil çəkdir. Qardaş bacının kiçik uşaqları və Raqufun kiçik oğlu- komandirin yanında düzlənərək şəkil çəkdirirlər.
Son şəkil. O şəkildə hamı elə xoşbəxtdir ki…
Sevinc xanım söhbətinə davam edərək dedi ki, Raqufla ər-arvad məhəbbəti deyil, başqa bir sevgi var idi. O sevginin adı “EŞQ”dir. Onlar bir-birini ruhən anlayırdılar. İndi ruhu göylərə uçduğundan, Yerdə rahatlıq tapa bilmirdi, sevincini itirən Sevinc xanım.
Vəslin mənə nоvruz, gecəsi оldu müyəssər,
Sanki о gecəm gündüz ilə оldu bərabər.
Salmasın Tanrı məni оl sərv bоylumdan cida,
Ayrılıq göstərməsin eşq əhlinə hərgiz xuda.
Məhəmməd Füzuli
Heç inanmazdı ki, nə vaxtsa evinin, başının taxtı-tacı gedib qayıtmayacaq. Həmişə arxayın idi, həmişə qayıdırdı.
Əsgər Vətən əmanəti
İstər kiçik qardaşı Zabilin, istər həyat yoldaşı Sevinc xanımın xatirələri, şirin söhbətləri bitib-tükənmək bilmirdi. Dedilər ki, dünya nemətlərində gözü olmayıb. Yeməyin ən yaxşısını əsgərləri ilə bölərmiş. Sevinc xanım onu da dedi ki, Azərbaycan Ordusunun bu şərəfli zabitinə layiq olduğu qəhrəman adının verilməsi üçün mücadilə aparacaq. Elə bu vaxt qapılarının zəngi çalındı. Başsağlığına gələn var idi. Özü tanışlıq verdi – Arzuman Həsənzadə. Dedi ki, 2009-cu ildə batalyon komandiri Raquf Orucovun əsgəri olub. 9 ay ərzində isə köməkçisi, bəzən də sürücüsü qismində çalışıb. Bu xəbəri eşidən kimi, komandirin ailəsinə baş çəkməyi özünə borc bilib. Söhbətlərindən belə məlum oldu ki, batalyon komandirinin zabit müdrikliyi var idi. Onun bölüyündə qulluq edən əsgərlər fərarilik nə olduöunu bilmirdilər. Hərbi intizam müqəddəs bir qayda, pozulmaz norma kimi gözlənilirdi. Əsgərlərə telefon işlətməyi belə qadağan edibmiş. Onlara deyirmiş ki, mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin. Onun komandir, qərərgah rəisi olduğu bölgələrdə əsgərlər çox yüksək həvəslə, cəsarətlə , məsuliyyətlə hərbi tapşırıqları yerinə yetirirdilər. Arzuman Həsənzadənin danışdığı bir maraqlı hadisə:
– Komandirin etibarını qazanmışdım. Bir gün Ağdamın çıxışı tərəfə getdik. Dedi ki, məni gözləyin səhərə qədər, gəlməsəm, çıxın gedin. Səhərə yaxın bir də gördük gəlib. Kiteli qan içindəydi. Mənə verdi ki, camaşırxanaya verim. Heç nə soruşmadıq. Sonra mən ordudan təxris olanda bildim ki, sən demə həmin gecə Ağdamın Çullu kəndinə keçib, anasının qəbrini ziyarət edib. Və həmin gecə də bir neçə düşməni məhv edibmiş. Təbii ki, tam təfərrüatını bizə demədi. Ancaq o zaman anladım ki, demək komandir, anasıının, doğmalarının qəbrini tez-tez ziyarətə gedirmiş. Arzuman deyir ki, bir dəfə komandir balıqdan zəhərlənir. Tez Bakıda həkim işləyən atasına zəng vurub, necə kömək edə biləcəyini soruşur. Atasıının təlimatına əsasən Ağcabədidən dava-dərman gətizdirir, bundan sonra ilk yardım olunur. Səhər ayılanda Arzumanı başı üstündə görüb deyir: “Bundan sonra mənim dostumsan!”. Və yenə də heç nə olmayıbmış kimi, batalyonu yoxlamağa gedir.
Raquf Orucovu başqa dırnaqarsı komandirlərdən, hərbiçilərdən fərqləndirən cəhətlərdən biri də o idi ki, o əsgəri zabitin ayağına vermirdi. O bilirdi ki, əsgər Vətən əmanətidir. Özü şəxsən gedib, ön cəbhəni, əsgərləri yoxlayırmış. Və əsgərləri iki qrupa bölürdü -Ayıq və sayıq. Deyirdi ki, ayıq əsgərlərin gecələr gözləri açıq olur, sayıq əsgərlərin isə beyni daim işləyir. Komandiri heç vaxt gülən görməmişdim. Gözlərinin kənarında qırışlar əmələ gələndə bilirdim ki, gülür. Azərbaycanın elə kəndi, elə rayonu, şəhəri, məhəlləsi yoxdur ki, orada komandirin şinelindən çıxan əsgər olmasın. Bir dəfə Ağdam rayon icra hakimiyyətində əsgərlər üçün su istəyib. Gətirilən suyun dadına baxıb, geri qaytararaq deyib ki, bu mən istəyən bulağın suyundan deyil, mənim əsgərlərim saf su içməlidirlər. Komandir belə oğul idi. Ondan bir də olmayacaq.
Mən ailəmə pul göndərə bilmirəm…
Şərəfli hərbiçi Raquf Orucovun şəhidlik xəbəri çıxandan sonra, sosial şəbəkələrdə onun haqqında bir dənə də olsun incik sözə rast gəlmədik. Dostları, əsgərləri barəsində əfsanələr yazırdılar. Və onun əsgərlərindən olmuş jurnalist Zamin Hacının yazdıqları diqqətimi cəlb etdi:
“1999-cu ildə Murovda əsgərlikdə olarkən həmin Orucov bizim briqadanın kəşfiyyat bölümünün komandiri idi. Haqqında əfsanələr danışırdılar. Doğrudan da çox igid adam idi. Belə insanlar dünyaya tək-tək gəlir. 1999-un yayında təsadüfən lap yaxından tanımışdım onu. Mən jurnalist kimi ordudan yazdığım üçün, Əbiyevin cəzası olaraq Murova xidmətə göndərilmişdim. Orada da gördüklərimi gizlicə qələmə alırdım, gündəlik tuturdum. Bir gün yenə Kürəkçayın qırağında oturub, gizlincə bloknota qeydlər edərkən kimsə əlimi arxadan tutdu (əsl kəşfiyyatçı – elə gəlmişdi xəbərim olmamışdı). Diksindim. Gördüm bir gənc zabitdir. Bloknotum əlində idi, açıb başladı oxumağa, gülümsündü. Mən də açığı qorxdum ki məni qərargaha satacaq, cəzalanacam – filan. Amma ağardığımı görüb güldü, dedi ki, "qorxma, mən də sənin kimi əsgərəm, yazdıqların hamısı da düzdür. Bizdən azca aralıdan Göygölə yol gedirdi. O yola baxıb kədərlə dediyi sözlər yadımdan çıxmır: "Mən ailəmə pul göndərə bilmirəm, varlıların uşaqları burda maşınla şütüyür". Onun zamanında bizim kəşfiyyat bölüyü bütün korpusda birinci idi. Adam o cür ağır şəraitdə əsgərləri üçün saunaya bənzər hamam düzəltmişdi! Çox peşəkar, cəsur adam idi.”
Yol gedir şəhidlər xiyabanına
Aprelin 5-də Sumqayıt Şəhidlər xiyabanı 400-cü şəhidini qoynuna aldı. Raquf Orucov övladından çox sevdiyi Vətən torpağına qarışdı. Həmin təntənəli dəhn mərasimində Azərbaycan bayrağına bürünən , məğrur duruşlu göyçək bir oğlan var idi. Qəhrəman və sərkərdə atasını ŞƏHİDLİK MƏQAMIna şahidlik edənləi görəndə, yamanca vuqarlandı. Düşündü ki, bundan sonra da atasının adına uyğun yaşamalıdır. Ayrılıq məqamlarında atası həmişə anasını ona tapşırırdı. İndi onun kiçik çiyinlərində böyük bir yük var idi. Atasının dünya böyda zabit şərəfini qorumaq. Atasının Azərbaycan bayrağına bürünmüş tabutunu gətirəndə bükülmüşdü, kiçilmişdi. Sonra o izdihamı, o insanları görəndə ürəyi fərəhlə, könlü qürurla doldu. Şəhid atasını dəfn edən günü elə bil ki, 16 yaşı olan Aqşin böyüdü. Yaşlandı. Ancaq darıxacaqdı. Axı , atası hər zaman evə gələndə, çalışardılar ki, səs-küy salmasınlar, çünki ata istirahət etməli idi. Hətta kiçik qardaşı deyərdi ki, yenə kazarma rejimi başladı. Söhbətlərinin birində atasına demişdi ki, gələcəkdə diplomat olmaq istəyir. Soruşdum ki, "balam, diplomat olub neyləmək istəyirsən?!" Dedi ki, "Azərbaycanın maraqlarını, xeyrinə olan məsələlərini, dünyaya sülh çağırışlarını danışıqlar yolu ilə həll etmək istəyirəm. Ancaq atasızlıq çətin olacaq, hamı dağılışandan sonra, darıxacam atam üçün”.
Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida!
Qəm dağı köçdü qapından, getdim, ey can, əlvida!
Yüz yara almış bu sinəm asitanında sənin,
Böylə güllər bəxş edərmiş оl gülüstan, əlvida!
Tərk edib eşqin diyarını, əlibоş getmərəm,
Sinədə qəm yüklərim var, didədə qan, əlvida!
Dоstlara etdim tədarük cürbəcür sоvqat mən,
Kəhrüba sоlğun üzümdə, gözdə mərcan, əlvida! (M.Füzuli)
Aida Eyvazlı
Strateq.az