Son hadisələr münaqişənin Azərbaycanın xeyrinə həll olunma şansını artırıb.
Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun Kazanda təklif olunan variantda Azərbaycana qaytarılması mümkündür. Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilin sonuna kimi azad ediləcəyi barədə verdiyi açıqlamanı şərh edərkən bildirib.Sergey Markov APA-yə verdiyi müsahibəsində Dağlıq Qarabağla bağlı planın yaxın vaxtlarda işə düşəcəyini söyləyib: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistan işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq".
Politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində hazırda münaqişə üzrə gedən danışıqların Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipinin nəzərə alındığını bildirib: “Əslində, Kazan sənədi Madrid prinsipləri əsasında hazırlanıb. İndi masa üstündə olan tək sənəd budur. Həmin sənəddə Laçın şəhəri istisna olunmaqla 7 rayonun azad olunmasından
söhbət gedir. Həmin rayonların geri qaytarılması üzrə danışıqların müsbət nəticələnməyə şansı çoxdur. Qalan ərazilər üzrə danışıqlarda da Azərbaycanın ərazi bütövlüyünün qorunması nəzərə alınacaq”.
Münaqişənin Azərbaycanın ərazi bütövlüyünün qorunması əsasında həll edilməsinin vacibliyi Berlində Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə Almaniya kansleri Angela Merkel tərəfindən də vurğulanmışdı. Angela Merkel bildirmişdi ki, Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki yekun aktının üç əsas prinsipi - millətin öz müqəddaratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtinanın durması böyük uğurdur: “Biz bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətlərdə səylər daha fəal olmalıdır və həll axtarılmalıdır”.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da Ermənistan ictimai televizyasına verdiyi mühasibəsində dolayı yolla münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən başqa variantın olmadığını vurğulayıb: "Xüsusi vurğulamaq istəyirəm ki, beynəlxalq ictimaiyyət və həmsədrlər 3 prinsipdən - güc tətbiq etməməkdən və tətbiq etmək barədə hədələrdən, öz müqəddəratını təyin etmək hüququndan, ərazi bütövlüyündən danışırlar. Azərbaycan isə yalnız bir prinsipdən danışır. Keçən həftənin sonunda İrəvanda olan həmsədrlər də 3 prinsipdən danışdılar. Azərbaycan mətbuatı isə yalnız bir pirinsipi gördü".
Məsələ aydındır, Ermənistan diplomatiyası da anlayır ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli qeyri-mümkündür. Öz müqəddəratını təyin etmək hüququ və ərazi bütövlüyü prinsiplərinin birgə tətbiqi Dağlıq Qarabağa Azərbaycan daxilində yüksək səviyyəli muxtariyyət verilməsi deməkdir. Yəni söhbəin mövzusu bu müxtariyyətin hansı variantda - Tatarıstan, Triyest, yaxud Aland adaları variantında olacağı ilə bağlı ola bilər.
Azərbaycan, məsələn, Aland adaları variantı ilə razılaşmaya bilər. Bu varianta görə, Dağlıq Qarabağa Azərbaycanın istənilən beynəlxalq müqaviləsinə vetro qoymaq hüququ verilir, erməni dili Azərbaycanın ikinci rəsmi dilinə çevrilir, Milli Məclisdə Dağlıq Qarabağ erməniləri üçün ayrıca kvota müəyyə edilir və s.
Yəni Madrid prinsipləri istəənilən variantda Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyündən kənar öz müqəddəratını təyin etmək hüququ vermir. Buna görə də münaqişənin tezliklə həll edilə biləcəyi barədə deyilənlər heç də əsassız deyil. Azərbaycan sadəcə tələskənlik edib, hər təklif edilən müxtariyyə variantı ilə razılaşmamalıdır. Dağlıq Qarabağa maksimum Naxçıvan MR səviyyəsində muxtariyyət verilə bilər.