4 günlük müharibədə dünyasını dəyişən şəhidlərimizin həyatı ilə maraqlananda onların, həqiqətən də, təsadüfi insanlar olmadığını, vətən uğrunda candan keçməyə artıq uşaqlıqdan mənən hazır olduqlarını görürük.
Qaziler.az ANSPRESS-ə istinadən bildirir ki, Astaradan şəhid olan igid oğul Pəncəli Teymurov da 2 il əvvəl öz toyunda bu sözləri deyibmiş: “Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan respublikasının 3 rəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”. Qəhrəman şəhid 2 il öncə çaldırdığı toyunda səsləndirdiyi arzusuna artıq qovuşub. Doğulduğu ucqar kəndə, el obasına 3 rəngli bayrağımıza bükülü tabutda qayıtdı Azərbaycan ordusunun hərbi qulluqçusu Pəncəli Nurməmməd oğlu Teymurov. Uşaqlıqdan zabit olmaq həvəsində olub. Bu arzu ilə də Azərbaycan ordusuna yazılıb. 17 il orada xidmət edib. Bu gün isə doğulduğu ocağa qəhrəman kimi, şəhid kimi, igid əsgər kimi döndü. Bircə təsəlli yerimiz var - ölümün qolları güclü olsa da vətən məhəbbəti güclüdür onda. Lələ Təpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Pəncəli ilə son vida görüşündə bütün Astara iştirak edirdi. Hər kəs Azərbaycan ordusunun layiqli əsgəri, ölkə başçısı tərəfindən 2015-ci ildə İgidliyə görə medalı və bir sıra döyüş mükafatları ilə təltif olunmuş şəhidə son borcunu vermək istəyirdi. Azərbaycan bayrağını bağrına basan şəhid atası dərd belini büksə də vüqarını sındırmadı - vətən sağ olsun dedi. Şəhidin anası Vahimə Ağayeva isə oğlunun qanının yerdə qalmayacağını deyib: “Mənim oğlumun qanı yerdə qalmayacaq. 5 oğul böyütmüşəm. 1-i qurban gedib. 4-ü sağdır. 4 oğlum onun qanını yerdə saxlamazlar. Fəxr edirəm öz oğlumla”. Həmçinin şəhidin qardaşı Famil Teymurov bütün şəhidlərin qisasını alacaqlarını deyir: “Düşmən sevinməsin ki, mənim qardaşımın qanı yerdə qalacaq. Biz bütün şəhidlərin qisasını alacağıq onlardan”. Bundan sonra 2-ci Qarabağ savaşından söz düşəndə, yəqin ki, Astaranın ucqar dağ kəndi olan Əzərüdun adı da iftixarla çəkiləcək. Azərbaycan ordusunun giziri, 35 yaşlı Pəncəli Teymurovun qısa, lakin mənalı həyatı, igidliyi, şəhid ölümü bahasına.