Erməni generaldan Qarabağ etirafı: “Anlaşmanı Qorbaçov pozdu...”

Erməni generaldan Qarabağ etirafı: “Anlaşmanı Qorbaçov pozdu...” backend

“Dağlıq Qarabağda müharibə üçüncü Dünya müharibəsini qızışdırmağa çalışan qüvvələrin sayəsində bərpa olub”. Musavat.com-un məlumatına görə, bu barədə ehtiyatda olan erməni general-leytenantı, əslən Gəncədən olan Vilen Martirosyan Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında konflikt zonasındakı son durumu şərh edərkən bildirib. Onun sözlərinə görə, münaqişəni 1988-ci ildə də, indi də qansız həll eləmək mümkün idi.

Martirosyan o vaxt Qarabağa dair xüsusi nizamlama komissiyasının üzvü olduğunu xatırladaraq deyib: “O zaman Azərbaycan və Ermənistan prezidentləri arasında mənim də iştirakımla danışıqlar aparılırdı. Prezidentlər ümumi dil tapdılar və bütünlüklə anlaşdılar. Kompromis variant ertəsi gün Moskvaya təqdim edilməli idi. Amma gecə nəsə baş verdi və növbəti gün anlaşlmalar pozuldu”.

Erməni general anlaşmaların pozulmasının arxasında SSRİ prezidenti Mixail Qorbaçovun, Ali Sovetin sədri Anatoli Lukyanovun və onların “silahdaşlarının” durduğuna əmindir.

“Çünki onlara müharibə lazım idi” – Martirosyan qeyd edib.

“Bu gün Dağlıq Qarabağda müharibə üçüncü Dünya müharibəsi planları quranlara lazımdır. Dünyada çoxsaylı qaynar məntəqələrin yaradılması bu planı reallaşdırmağın tərkib hissəsidir” – erməni general vurğulayıb.

Bununla belə, o, problemdən qansız çıxış yolunun qaldığını da deyib.

Məlumat üçün bildirək ki, Gəncədən SSRİ xalq deputatı olmuş Martirosyan hazırda Ukraynada ictimai-siyasi fəaliyyətlə məşğuldur, Ukrayna parlamentinin – Ali Radanın üzvü olub.
Diaspora