“Dörd günlük müharibə” çox məsələlərə aydınlıq gətirdi.
Aydın oldu ki, özümüzün belə bəzən aciz hesab etdiyimiz Azərbaycan xalqı sən demə, elə sözün əsl mənasında yatmış vulkandır. Oyanmaq üçün bir tərpəniş kifayətdir. Oyandısa yatmayacaq. Dayanmayacaq! Bunu bütün dünya gördü. Gördü ki, AZƏRBAYCAN ORDUsu arxalı erməniləri təkbətək döyüşdə bir həmlə ilə məhv edər, yerini tanıdar, onları Şuşa, Xankəndi nədi, İrəvana kimi qovub bütün gələcək-keçəcək şərəfsiz tarixləri boyu unuda bilməyəcəkləri dərs verər. Ancaq neyləyəsən ki, arxalı köpək qurd basar....Bütün müharibələr dəhşətlidir: 100 illiyi də, 5 illiyi də, dörd günlüyü də. Bütün müharibələr ölüm, mərhumiyyət, dağıntı gətirir. İnsanların törətdikləri bu dəhşətli fəlakət yüzlərlə, minlərlə insanın həyatını yarıda kəsir, nakam qoyur. Şəhidlər ordusu yaranır.
Onun bir başqa üzü də yetimlikdir. Analar balalarından, uşaqlar atalarından yetim qalır...
Bir çoxları ağız dolusu, pafosla: “Müharibədir, şəhidlər də olacaq, qazilər də” deyirlər. Onu hamı bilir. Hamı bilir ki, güllə atılan kiçik bir yerdə də ölüm, qan-qada olur, o ki qala işğalçının və torpağını müdafiə edənin döyüş meydanı ola.
Biz bir millət kimi torpaqlarımızın azadlığı yolunda şəhid olan qəhrəmanlarımızla fəxr edirik, qürur duyuruq. Qəlbimizdəki bu itkilərdən doğan sızıltı ilə onları yad edirik, yad edə-edə qəhərlənirik. Axı Vətən bu cür fədakar, igid oğullar itirib. Onlar axı murdar işğalçıların, özgə torpaqlarını yağmalayanların namərd gülləsi ilə həyatlarını itiriblər. Onların hər biri bir orduya dəyərdi. Bax, budur yandıran adamı, budur qəlbimizi göynədən.
Bir də anaların, balaların yetim qalmasıdır adamın qəlbini param-parça edən. Analar oğul boyuna həsrət, balalar ata məhəbbətindən məhrum qaldılar.
...Bu gün şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi oldu. Vətən torpağını canından çox sevən, onun uğrunda canını fəda edən digər ŞƏHİDlərimiz kimi Azərbaycanın bu VƏTƏNDAŞları da Vətən torpağına tapşırıldı, ora qarışdı. İndi onların ruhu Vətənin hər bir qarışına yüksəklərdən baxacaq. Onların hər birinə: “Şəhadətin mübarək, VƏTƏN OĞULLARI” deyirik. İndi narahat şəhid ruhları başladıqları müqəddəs işin nə ilə bitəcəyinin intizarındadır. Biz onların müqəddəs işlərinin davamının böyük QƏLƏBƏ ilə bitəcəyinə inanırıq. Belə də olacaq! Azərbaycanın zəfər bayrağı öz torpağımızın hər bucağında dalğalanacaq. Bu öz yerində. Amma mən başqa məqama toxunmaq istəyirəm.
Bu gün düşmənə həddini bildirib qəhrəmancasına həlak olaraq şəhadətə yüksələn pilotlarımızın dəfn mərasimində çəkilmiş bir şəkil diqqətimi çəkdi: mayor Təbriz Musazadənin oğlunun fotosu. Bu fotodan atasını itirmiş bir körpənin gözləri obyektivə baxır. Əllərini də qoynuna qoyub. O gözlərdəki kədərin dərinliyi insanın qəlbini göyüm-göyüm göynədir. O körpə o an qüruru düşünə bilməz, hələ kiçikdir. O körpə qəhrəmanın oğlu olduğunu da tam mənası ilə dərk edə bilməz, bununçün ona zaman lazımdır. O körpə kənardan deyilənlərə əməl edib başını dik tutsa da gözlərindəki kədəri gizlədə bilməz. O, ATA itirib. Onun balaca qəlbi hələ bu yoxluğa öyrənə bilməyib. Yoxdu atası, vəssalam. Gözləsə də gəlməyəcək. Qapıdan girməyəcək, boynuna sarılmayacaq. Ona görə də onun gözlərindəki kədər belə dərindir. Kənardan onu ovundurmağa çalışmayın. Buraxın zamanın öhdəsinə. O böyüyəcək və onda necə bir OĞULun oğlu olduğu ilə fəxr edəcək. İndi isə ... İndi dəyməyin ona...
Oğlunu itirmiş, ah-naləsi göyə qalxan ananı da qınamayın. O övlad itirib. Oğlunun şərəfli ömür yaşadığını, Vətən yolunda şəhid olduğunu o da bilir. Amma...Amma yarası təzədi. Hər ana özünü toparlayıb şəhid oğlunun məzarı başında səmimi-qəlbdən: “Vətən sağ olsun” demək iqtidarında olmur axı. Onun nəzərində hələ körpə uşaq olan oğlu yoxdur. Boyunu oxşaya bilməyəcək, toy edib gəlin gətirə bilməyəcək, nəvəsini oynada bilməyəcək...Ananın fikrindəki ancaq odur. Ona görə, ANALARı da ovundurmağa çalışmayın. Onlar şəhidliyin nə demək olduğunu yaxşı bilirlər. Nəsə demək artıqdır.
...Bu analar da, balalar da seçilmiş, düşmənə qan udduran cəsarətli, qorxmaz, Vətən üçün ölümün üstünə getməyi bacaran QƏHRƏMANLARın anaları, övladlarıdır. Onlar düşmənin üzərinə cəsarətlə getdilər. Nə övlad, nə sevgili, nə ana düşünmədilər o an. Getdilər. Getdilər ki, VƏTƏN YAŞASIN! Qarabağ torpağının hər qarışı o ŞƏHİDLƏRin əmanətidir. O əmanəti qorumaq, qaytarmaq borcdur. O borcu şəhidlərin ruhuna qaytarmaq lazımdır!
Arzu Səlim