Ukrayna ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların çatdırılması istiqamətində görülən işlər çərçivəsində Əli Dəmirov tərəfindən cari ilin aprel ayının 4-də Ukraynanın nüfuzlu “ICTV” televiziya kanalının “Факты” proqramında Dağlıq Qarabağ münaqişəsi barədə reportaj efirə verilib. APA TV-nin məlumatına görə, sözügedən reportaj “İCTV”nin müxbiri Taras Karniyuk tərəfindən hazırlanıb.
Reportajda Ermənistan dövləti sərt şəkildə tənqid edilib. Ukrayna mediası ölkənin media tarixində Ermənistan dövlətinin heç zaman bu cür sərt şəkildə tənqid olunmadığını yazır. Sözügedən reportajda Ermənistanın Rusiyanın “marionet”i olduğu qeyd edilir və rəsmi İrəvanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunmasını dəstəkləməsi xüsusilə vurğulanır, tamaşaçılara Ermənistanın işğalçı dövlət olması faktı çatdırılır.Ukraynada geniş izləyici kütləsinə malik “Факты” proqramında yayımlanan reportaj vasitəsilə Ermənistanın yürütdüyü çirkin siyasət qismən də olsa ifşa edilib. “ICTV” televiziya kanalının rəhbərliyi yaxın zamanlarda T. Karniyuk daxil olmaqla, respublikamıza çəkiliş qrupunun göndərilməsi barədə qərar qəbul edib. T. Karniyukun Azərbaycanda hazırlayacağı reportajlar respublikamızın haqq mövqeyinin Ukrayna ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli addım sayıla bilər.