Şəhid zabitlərimiz II Şəhidlər Xiyabanında torpağa tapşırıldı - YENİLƏNİB-FOTOLAR

Şəhid zabitlərimiz II Şəhidlər Xiyabanında torpağa tapşırıldı - YENİLƏNİB-FOTOLAR backend

Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.


APA-nın məlumatına görə, qəhrəman hərbçilər II Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.



Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.



Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.

Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib.



***

12:34

Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başa çatıb.



Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, şəhidlərin cənazələri dəfn edilmək üçün II Fəxri Xiyabana aparılıb.



****
10:15

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlarla vida mərasimi başlayıb.



APA-nın məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.

Mərasimin rəsmi hissəsi saat 12.00-da başlanacaq.

Vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenantı Bəkir İsmayılov şəhid olublar.

Onların nəşi ötən gün Azərbaycan tərəfə təhvil verilib.
Diaspora