“Aprelin 2-dən başlayan əməliyyatlardan sonra mən də evdə rahat yata bilmirəm. Cəbhə bölgəsi ilə əlaqə saxlayırıq. Oradan gələn xəbərlər bizi həm sevindirir, həm də kədərləndirir. Bu günü hər bir azərbaycanlı çoxdan gözləyirdi”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, ikiqat Paralimpiya, ikiqat dünya, 6 qat Avropa çempionu, eyni zamanda I Avropa Oyunlarının qalibi İlham Zəkiyev deyib.
Gözlərini vətən yolunda itirmiş Zəkiyev cəbhədə son günlərdə baş verənlərə münasibət bildirib, vətənpərvərlik mövzusunda danışıb.
O vurğulayıb ki, erməni işğalı altında olan torpaqlarımızı azad etməyin vaxtı yetişib: “Ali Baş Komandanız başda olmaqla, müdafiə nazirimiz Zahir Həsənovun gördüyü işlər göz qabağındadır. Ordumuzdakı əhval-ruhiyyə də yüksək səviyyədədir. Zabit və əsgərlərimizi Allah qorusun. Onların göstərdikləri qəhrəmanlıq hər bir azərbaycanlını sevindirir. Hər bir şəhidimizi izdihamla, bayram kimi qarşılamaq isə mənə zövq verir. 90-cı illərlə müqayisədə indi tam başqadır. Allah hamısına rəhmət eləsin”.
Dağlıq Qarabağdakı gərginlik zamanı cəbhə xəttində olmağı arzuladığını deyib: “Həmin vaxt onların yanında olmaq istəyirdim. Təəssüflər olsun ki, bu mümkün deyil. Dualarımız onlarladır, hər dəfə zəng edirdim, mənəvi dəstək olurdum”.
Həm idmandakı “döyüş”ün, həm də əsl döyüşün iştirakçısı olan Zəkiyev bunları müqayisə edib və hansının daha məsuliyyətli olmasından danışıb: “Hər ikisində məsuliyyət böyükdür. Vətənə qulluğum hərbi sahədə yarımçıq qalsa da, bunu tatamidə davam etdirirəm və hər dəfə öz işimlə fəxr edirəm. Əlbəttə ki, cəbhədəki döyüş tamam başqadır. O, daha da məsuliyyətlidir, şərəflidir”.
Zəkiyev Avropa Oyunlarında yüksəltdiyi bayrağımızın tezliklə Xankəndidə, Şuşada dalğalanacağı günü səbirsizliklə gözlədiyini xüsusi qeyd edib: “Avropa Oyunlarında iyunun 26-da - Azərbaycan Silahlı Qüvvələri Günündə güləşirdim. Cənab prezident boynuma medalı asanda öncə onu bu gün münasibətilə təbrik etdim, sonra onu fəxri kürsüyə dəvət etdim. Sağ olsun, dəvətimi qəbul etdi, mənimlə fəxri kürsüyə qalxdı. Orada ona dedim ki, cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi, yəni qızıl medalı qazandı. O da məni qucaqlayıb öpdü və dedi ki, Azərbaycan sənlə fəxr edir. Bu yarışın ardınca Müdafiə Nazirliyinin xətti ilə ön cəbhəyə yollandım. Bildirdilər ki, düşmənlə üz-üzə olan əsgərlər səni görmək istəyirlər. Mən də böyük məmnuniyyətlə təklifi qəbul etdim və iyulda ön cəbhəyə getdik. Şəmkir korpusundan başlayaraq, Murovdağ silsiləsinədək postlarda olduq, orada əsgərlə görüşdük. Goranboya, Ağdama getdik. Sonda qulluq etdiyim Beyləqan - Füzuli istiqamətindəki hərbi hissəyə yollandıq. Orada kəşfiyyatçılarla da görüşdüm. Avropa Oyunlarında dalğalandırdığım bayrağı da özümlə aparmışdım və onlara təhvil verdim. Dedim ki, bu bayrağı mən öz nailiyyətlərimlə idman arenasında dalğalandırdım, sizin də işiniz torpaqlarımızı azad edib, onu Xankəndidə, Şuşada dalğalandırmaqdır. And içib, bayrağı qəbul etdilər və hazırda düşməndən azad olunan Lələtəpədə ucalan bayraq həmin bayraqdır. Mən də əlaqə saxladım ki, sizə bunu Şuşada, Xankəndidə dalğalandırmağı demişdim, Lələtəpədə yox. Bildirdilər ki, İlham, gedirik, inşallah, ora da çatacağıq”.
Vətənpərvərlikdən də söz açan paralimpiyaçı gərginlik dönəmində xalqımızın bu dərəcədə yumruq kimi birləşməsini gözləmirmiş: “Yüksək səviyyədə birlik gördüm. Balacadan-böyüyə hamı cəbhədən danışır, hər bir azərbaycanlı necə isə köməklik etmək istəyir. Nə qədər cavanlarımızı cəbhə bölgəsindən qaytarıblar ki, əlavə qüvvələrə, səfərbərliyə ehtiyacımız yoxdur. Nazirimiz də kifayət qədər canlı qüvvəmizin, texnikamızın olduğunu deyib. Vətənpərvərlik hissimiz çox yüksək səviyyədədir. Bu, çox gözəl bir şeydir”.
Cəbhədə baş verən son gərginliyin ardından bir çox idman növlərimizdə hərbi geyimdə meydana çıxmaq və hərbi salam vermək ənənə halını alıb. Zəkiyevin fikrincə, bu ənənəni davam etdirmək lazımdır: “Hərə öz sahəsində dəstəyini bildirir. İdmançılar da cəbhədəki qardaşlarımıza bu cür dəstək olurlar”.
Azərbaycan ordusunun üstünlüyündən, ruh yüksəkliyindən danışan Zəkiyev mənfur qonşularımızın 23 illik müdafiə xəttini bir gecədə dağıtmağımızdan da söz açıb: “Maşallah, bunu bir gecədə bacardıq. Bu, qarşı tərəfin zəifliyindən xəbər verir. Hətta onu deyərdim ki, üçüncü qüvvə olmasaydı, 3 gün ərzində Qarabağı tam boşalda bilərik. Buna heç ehtiyac da olmayacaq, özləri qaçıb gedəcəklər. Onlar da bəzi qüvvələrə arxayındırlar. Allah prezidentimizə kömək olsun, o da bilir nə edir. İnşallah, yaxın günlərdə bu qələbəni birgə qeyd edəcəyik”.
Daima əsgərlərimizlə əlaqə saxladığını deyən Zəkiyev onlardan qürurverici xəbərləri aldıqca sevindiyini bildirib: “Ordumuzun irəliləməsi üçün əlimizdən gələni etməyə hazırıq. 26 iyunda Ali Baş Komandan mənim boynuma medal asdı. Arzu edirəm ki, bu il Silahlı Qüvvələrimizin Yaranması Günü cənab prezidentimiz Şuşada bayrağımızı dalğalandıracaq əsgərimizin boynuna medal assın. Artıq üstünlük də bizim tərəfimizdədir və əmr gələrsə, torpaqlarımızı düşmənlərdən azad etməyə hazırıq”.
Daha sonra paralimpiyaçı kimi uğurlarından söhbət açan Zəkiyev Rio-2016-dakı şanslarını dəyərləndirib. O bildirib ki, çəkisinə görə (+100 kq) sınaq döyüşlərində rəqibi olmadığı üçün cüdo üzrə əsas komandamızla hazırlıq keçir: “Hamı İlham Zəkiyevə qarşı hazırlaşır, amma mən də boş oturmamışam. Yeni texnika ilə yeni fəndlər üzərində çalışıram”.
Sonda Zəkiyev əlil uşaqları olan valideynlərə də səslənib: “Bəziləri əlil uşaqlarından utanırlar, onları gizlədir, cəmiyyət arasına çıxarmaq istəmirlər. Bunu etməsinlər. Gətirsinlər bizdə, Paralimpiya Komitəsində mütəxəssislər var, onlarla məşğul olacaqlar. Lazım olan istedadı tapıb, üzə çıxaracaqlar. Bəlkə onların da arasında gələcəyin dünya, Avropa çempionları var. Əlillikdən heç kim sığortalanmayıb. 2013-cü ildə ölkəmizdə Uşaq Paralimpiya Komitəsi yaradılıb, mən də onun üzvüyəm. Bu, bizi əvəz etmək baxımından da lazımdır. Ardımızca gələn idmançılar da olsun”.