Qarabağın erməni işğalından təmizlənməsi uğrunda aparılan hərbi əməliyyatlarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Virtualaz.org-un Şirvan bürosunun verdiyi məlumata görə, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Milli Ordunun ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən olub.
Şəhidin yaxınlarının virtualaz.org-a verdikləri məlumata görə, onun cənazəsi hazırda hərbi helikopterlə Bakıya gətirilir. Sabah onunla rəsmi vidalaşma mərasimi keçiriləcək. Şəhid polkovnik-leytenant Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.Çox güman ki, xüsusi təyinatlı qüvvələrin zabitinin cəsədi düşmənin nəzarətində olan ərazilərdə qalıbmış və cəsəd bu gün Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə Azərbaycan tərəfə təhvil verilib. Vətən uğrunda döyüşüb canını fəda edən şəhid zabitimizə Allahdan rəhmət diləyirik.