Həmsədrlərin İrəvandan açıqlaması: “Atəşkəs rejiminin qorunması vacibdir“

Həmsədrlərin İrəvandan açıqlaması: “Atəşkəs rejiminin qorunması vacibdir“ backend

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Serj Sarkisyan və həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıblar.

“Tərəflər atəşkəs rejiminin qorunmasının, etimadın və sülh danışıqlarının bərpa olunması üzrə tədbirlərin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilib.

Rusiyalı həmsədr İqor Popov jurnalistlərə münaqişə tərəflərinin danışıqlara hazır olduğunu bildirib.

“Tərəflər münaqişənin həllinə dair danışıqlara hazırdırlar, onlar, ən azından, aprelin 5-də Moskvada əldə olunan atəşkəsin qorunmasına hazır olduqlarını nümayiş etdirirlər”, deyə Popov bildirib.

Onun sözlərinə görə, atəşkəsin qorunması üçün tərəfləri danışıqlar masasına əyləşdirmək gərəkdir: “Əsas məsələ vəziyyətin sabitləşdirilməsi üçün tərəflərə kömək etmək və hərbi əməliyyatların təkrarlanmaması üçün tədbirlər görməkdir”, - deyə Popov qeyd edib.

Diaspora