Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dünən döyüş meydanında meyitlərin götürülməsi ilə bağlı həyata keçirilən əməliyyata dair açıqlama verib.
İ. Hüseynovanın Lent.az-a verdiyi məlumata görə, BQXK-nın neytral vasitəçiliyi ilə dünən münaqişə tərəfləri döyüş meydanında qalmış insan meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçirib.Əməliyyat münaqişə tərəflərinin razılığı və müraciəti əsasında olub.
O ki, qaldı, döyüş meydanından neçə meyitin götürülməsinə, İ. Hüseynova bildirib ki, bu barədə BQXK məlumat verə bilməz: "Çünki biz yalnız neytral vasitəçiyik. Əməliyyatı keçirən tərəf biz deyilik".
Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.