Düşmənin darmadağın edildiyi cəbhə bölgəsinə səfər – tabuta sığmayan şəhid - Reportaj (II yazı)

Düşmənin darmadağın edildiyi cəbhə bölgəsinə səfər – tabuta sığmayan şəhid - Reportaj (II yazı) backend

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənpərvərliyin Təbliğinə dəstək” birliyinin sədri Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun sədri Umud Rəhimoğlu, “Azərbaycan Vətən Müharibəsi Veteranları” birliyinin sədri Füzuli Rzaquliyev, “Əfqanıstan Veteranları İttifaqı”nın sədri Məhəmməd Vəliyev, “Tərxis olunmuş “Hərbiçilərin və Gənclərin Maarifləndirilməsi” birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı “Fred Asif (Asif Məhərrəmov) adına Fond”unun rəhbəri Ədalət Məhərrəmov, “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” birliyinin sədri Nəsimi Qarabağlı, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” birliyinin sədri Rey Kərimoğlu aprelin 3-dən 5-nə qədər cəbhə bölgəsində səfərdə olublar. Onları səfər boyu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rasim Şirinov, xidmətin əməkdaşı Rövşən Qaracayev müşayiət ediblər.

Səhər saat altı radələrində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayırdığı mikroavtobusla Bakıdan yola düşən nümayəndə heyətinə Umud Rəhimoğlunun ağsaqqallığı ilə Emin Həsənli rəhbərlik edirdi. Sürücümüz isə Şəmistan Əlizamanlının “Dağlar oğlu” deyə çağırdığı Zakir qardaşımız idi.

İkinci yazı

Tabuta sığmayan ŞƏHİD...




Tərtərli Qarabağ qazisi Suliddin Yusifovun “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədovla söhbəti zamanı Ağcabədi rayonundan olan ŞƏHİD Dilsuz Qarayevlə bağlı dedikləri məni heyrətə gətirdi:

- Tərtərdə şəhidləri tabuta qoyanda enli kürəkli, pəhləvan cüssəli Dilsuz Qarayev tabuta sığmadı. Buna görə məcbur olub onun üçün daha böyük tabut düzəltdilər.


...Tərtərdən Ağdama üz tutduq. Yol boyu hələ də mərmi səsləri eşidilirdi. Quzanlıda bizi Ağdam rayon icra hakimiyyətinin başçısı, Qarabağ müharibəsinin keçmiş iştirakçısı Raquf Məmmədov qarşıladı. Ümumi vəziyyətlə bağlı müəyyən məlumatlar aldıq. Həmin vaxt nümayəndə heyətinin bir neçə üzvü də “Xəzər” televiziyasına müsahibələr verdilər.

Ermənilər aprelin 1-dən başlayaraq Ağdamı da güclü artilleriya atəşinə tuturdular. Evlər dağılmışdı, insan itkilərimiz var idi. Rayonun Üçoğlan kəndində ŞƏHİD Sərvan Mirəliyevin yas mərasimində iştirak etdik. ŞƏHİDin ailəsinə, yaxınlarına başsağlığı verdik.

Artıq qaranlıq düşürdü. Biz isə Ağcabədi rayonunun Hindarx kəndindən olan ŞƏHİD Dilsuz Qarayevin yas mərasiminə, oradan isə Füzuli rayonuna getməliydik.

Biz ŞƏHİDin ata yurduna çatanda Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, polis idarəsinin rəisi Şamil Seyidli və digər struktur rəhbərləri, nümayəndələri və “İctimai Televiziya”nın Qarabağ bölgəsi üzrə müxbiri Şöhlət Eyvaz oradaydılar.

ŞƏHİDin yas çadırından asılmış şəkilini görəndə Suliddinin dediklərini xatırladım: “Enli kürəkli, pəhləvan cüssəli...”

Orada məlum oldu ki, Dilsuz şəhid olana qədər bir neçə düşməni cəhənnəmə vasil edib. Amma sonda özü də həlak olub!

Ağcabədidən üzü Füzuliyə gedəndə hamını xalq arasında “Beyləqan yolu” deyilən, amma daha çox dərə-təpəni xatırladan yol narahat etməyə başladı. Doğrudan da çox maraqlıdır! Cəbhə rayonlarının arasında yeganə vasitə olan bu yol axı niyə 20 ildir pis vəziyyətdədir? Niyə bu yol asfaltlanmır? Hamını bu sual düşündürürdü...

“Atan bizimkilərdir...”

Gecə saat 1 radələrində Füzuliyə - Horadizə çatdıq. Azərbaycan Ərazilərini Minadan Təmizlənməsi Üzrə Milli Agentliyin - ANAMA-nın Horadizdə yerləşən regional bazasında gecələdik. Səhərə qədər atəş səsləri kəsilmədi. Hər dəfə haradan, kimin atdığını soruşanda bazanın gözətçiləri bizi sakitləşdirmək üçün deyirdilər ki, narahat olmayın, atan bizimkilərdir.

Səhər isə Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevlə görüşdük...Çox yorğun idi, üz-gözündən gecəni dirigözlü açan adama oxşayırdı. Amma buna baxmayaraq bizi gülər üzlə qarşıladı. Son günlər baş verənlərdən-düşmənin və bizim itkilərimizdən danışdı. İcra başçısı ilə söhbətdən sonra rayonda dəfn olunan ŞƏHİDLƏRin ailələrinə baş çəkmək üçün onunla sağollaşıb ayrıldıq...

Nümayəndə heyəti Horadiz məscidində ŞƏHİD Orxan Həmidovun yas mərasimində iştirak etdi. Məlum oldu ki, O.Həmidov uzun müddət nümayəndə heyətinin üzvü Umud Rəhimoğlunun təşkilatında çalışıb. O, ŞƏHİD haqqında xoş xatirələrini bizimlə bölüşdü.






Sonra başqa bir ŞƏHİDin – Səyyaf Quliyevin ailəsinə baş çəkdik. Dədəli kəndində isə qəhrəmanlığı dillər əzbəri olmuş ŞƏHİD Elnur Əliyevin yas çadırı dolub boşalırdı. Nümayəndə heyəti yas çadırına daxil olanda başda ŞƏHİDin böyük bannerdə vurulmuş gülərüz fotoları diqqətimizi çəkdi...





Bu arada bir haşiyə çıxım: Ümumiyyətlə, bizim nümayəndə heyəti tanınmış insanlardan, müharibə iştirakçılarından ibarət olduğundan əhali onları xüsusi bir diqqət və qayğı ilə qarşılayırdı. Biz açıq hiss edirdik ki, ŞƏHİDLƏRin ailələri, yerli əhali səfəri yüksək qiymətləndirirlər. Əhalidə olan ruh yüksəkliyi daha da artırdı.

Elnur Əliyev əsgərlərini qorumaq üçün düşmənin atdığı əl qumbarasının üstünə köksünü sıxaraq ŞƏHİD olub! Yəni yerə düşən qumbaranın partlaması anında özünü onun üstünə atıb və vətən uğrunda əbədiyyətə qovuşub!





Yas mərasimində Umud Rəhimoğlu və Emin Həsənli çıxış etdi. Onlar Azərbaycan ordusunun daha qüdrətli, daha inamlı olduğunu, müasir texnika ilə təmin edilməsini vurğuladılar. Çıxış edənlər bildirdilər ki, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə bu ordu torpaqlarımızı qısa vaxt ərzində düşməndən azad etməyə qadirdir.

Qeyd edim ki, biz orada olarkən tanınmış iqtisadçı alim Qubad İbadoğlu da yas mərasimində idi.



Əvvəlcədən planlaşdırıldığı kimi, biz Cəlilabad rayonunda 18 yaşı tamam olmuş və orduya xidmətə çağırılmış gənclərlə görüşə getdik. Heydər Əliyev adına mərkəzin qarşısındakı meydana çatanda bizi yüzlərlə Azərbaycan bayrağı dalğalanan böyük bir izdiham qarşıladı. Şəhərə Şəmistan Əlizamanlının insan ruhunu yerindən oynadan səsi yayılırdı...





“Gəl de, gələk! Öl de, ölək!”





Tribunaya qalxan nümayəndə heyətini alqışlayan gənclər və şəhər sakinləri “Qarabağ bzimidr, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Gəl de, gələk! Öl de, ölək!” və digər vətənpərvər ruhlu şüarlar səsləndirdilər. Yanaqlarına rəngli boya ilə Azərbaycan bayrağını çəkən qızlar və oğlanlar əllərində şüarlar yazılmış lövhələr tutmuşdular. Tədbiri aparan Emin Həsənli ordumuzun cəbhədəki uğurlarından danışdı. Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, nümayəndə heyətinin üzvləri, rayon ictimaiyyətinin təmsilçiləri çıxış edərək gənclərə vətənə xidmətdə uğurlar arzuladılar. Hər bir çıxış gənclərin alqışları ilə qarşılandı.





Sonda Şəmistan Əlizmanlı hərbi vətənpərvərlik ruhlu mahnılar ifa etməyə başladı. Bu zaman sanki yer yerdən oynadı...Üç rəngli milli bayrağımıza sarılmış çağırışçı gənclər onun ifasının sədaları altında dövrə vurub rəqs etməyə başladılar. İnsanların vətənpərvər ruhu coşub-daşırdı! Hamı qələbə arzulayırdı! Təbii ki, biz də...






Beləcə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı və dəstəyi ilə reallaşan səfərimiz başa çatdı!

Nümayəndə heyəti bu səfərin təşkilində verdiyi dəstəyə görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimova və xidmətin bütün kollektivinə minnətdarlığını bildirir.

Rey Kərimoğlu
Fotolar müəllifindir
Diaspora