Xankəndinin deputatı Qarabağdakı erməni analara MÜRACİƏT ETDİ

Xankəndinin deputatı Qarabağdakı erməni analara MÜRACİƏT ETDİ backend

Son günlər erməni hərbi birləşmələrinin növbəti təxribatları Azərbaycan Ordusunu düşmənə qarşı qəti tədbirlər görməyə, dinc sakinlər üçün təhlükə mənbəyi olan bir neçə strateji məntəqə və yüksəkliyi azad etmək üçün hücum əməliyyatları həyata keçirməyə məcbur etdi.

Vəziyyət o dərəcədə gərginləşdi ki, aprelin 4-də Müdafiə naziri Zakir Həsənov ordu birləşmələrinə uzaqvuran artilleriya qurğuları ilə Xankəndidəki strateji obyektləri vurmağa hazır olmağı da əmr etdi.

Qaziler.az bildirir ki, 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili Flora Qasımova “Həftə içi” qəzeti və hafta.az-a açıqlamasında de-yure Azərbayacn vətəndaşları olan Qarabağ ermənilərinə, xüsusən Xankəndidəki erməni analara müraciət etdi: “Əvvəla, bir daha xatırlatmaq istəyirəm: Artıq 22-ci ildir ki, atəşkəs haqqında saziş bağlanmasına baxmayaraq, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri bizim yaşayış məntəqələrindəki dinc sakinlərin evlərini atəşə tutur, onları öldürür, ömürlük şikəst edirlər. İllərdir ki, Azərbaycan rəhbərliyi məsələnin sülh yolu ilə həllinə çalışır və erməniləri hərbi qüvvələrini torpaqlarımızdan çıxarmağa çağırır. Amma nəticə yoxdur. Ermənilər atəşkəsi pozmaqda, məsum insanları qətlə yetirməkdə davam edirlər. Bəs, işğal edilmiş torpaqlarımızdan didərgin düşən milyona yaxın azərbaycanlının bu 23-25 il ərzində yaşadıqıları məşəqqətləri haraya yazaq? On minlərlə insan torpaq həsrəti ilə torpağa gömüldü. Bəs, siz nə qazandınız, ey Qarabağın erməni camaatı? Xankəndidəki qondarma hərbi xuntanın təzyiqi altında, iqtisadi çətinliklər içində zülm çəkdiniz. Axı, bu münaqişəni alovlandırmamışdan qabaq siz nəinki Qarabağda, Gəncədə, Bakıda bizim çoxumuzdan rahat, varlı yaşayırdınız. Xankəndidəki erməni analara müraciət edirəm. Siz dəqiq bilirsiniz ki, o torpaqlar Azərbaycan torpağıdır. Amma xarici havadarlarının dəstəklədikləri terrorçu, separatçı qüvvələr sizləri qızışdırıb illərdir ki, sonu görünməyən bir təhlükənin içinə atdılar. Ey erməni analar, siz bilin ki, bu gün Azərbaycanın cavan-cavan oğullarını qətlə yetirən erməni hərbçilərinə başçılıq edənlər Xankəndidə, İrəvanda əyləşib. Onlar bu qırğınları törətməklə bizim hərbçiləri də cavab tədbirləri görməyə məcbur edirlər. Nəticədə, hər iki xalq neçə illərdir əziyyət çəkir, indiyədək sayı-hesabı bilinməyən mənasız itkilərimiz olubdur. Yadınıza salın ki, bizlər, ən azı, sovet dövründə onillərlə yanaşı, mehriban yaşamışıq. Bir-birinin xeyir-şərində, milli bayramlarında iştirak etmişik. Əgər yenə də sülh şəraitində yaşamaq istəyirsinizsə, övladlarınızın ölməyini istəmirsizinizsə, qanuni Azərbaycan vətəndaşları olaraq Xankəndidəki separatçı rejim başçılarına baş əyməyin, oğullarınızı onların qeyri-qanuni ordusunda qulluq etməyə yollamayın. Azərbaycan dövlətinin çağırışlarını eşidin və bu rejimdən qurtulun! Onlara, İrəvandakı kriminal hakimiyyətə qarşı etiraz səszinizi ucaldın. Öz rəhbərlərinizi Ermənistan ordusunun birbaşa dəstək verdiyi qeyri-qanuni hərbi birləşmələri sülh yolu ilə Azərbaycan torpaqlarından çıxarmağa vadar edin! Əks halda, övladlarınız yenə də mənasız qırğınların qurbanı olacaq. Siz xalq olaraq Xankəndidəki rejimi yerində oturdub, gerçəkliyi dərk etməyə məcbur edə bilməsəniz, bunu Azərbaycan dövləti, Azərbaycan əsgəri etməyə məcbur olacaq...
Diaspora