Qarabağdakı son qarşıdurmalar zamanı erməni tərəfinin itkiləri 200 nəfəri, yaralıları isə 500 nəfəri keçir. Bunu virtualaz.org-a Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, ermənilər artıq öz itkilərini elan etməyə başlayıblar: “Əgər dünən erməni tərəfi 29 nəfərin ölümündən danışırdısa, indi bu rəqəmi 50-yə qaldırıblar. Həmçinin, etiraf edirlər ki, itkin düşən 26 nəfər də məhv edilib. Əslində isə ermənilərin itkiləri həddən artıq çoxdur. Təkcə öldürülən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”.
Onun dediyinə görə, hərbi əməliyyatların gedişində yaralanan ermənilərin sayı 500 nəfərdən çoxdur.
Əvvəldən də xəbər verdiyimiz kimi, həmin döyüşlər vaxtı Azərbaycanın 31 hərbçisi həlak olub.