Cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Milli Ordumuzun 19 yaşlı döyüşçüsü Qasımov Nurlan Cəmil oğlunun üçrəngli bayrağa bürünmüş nəşi doğulduğu Şəmkir rayonunun Tatarlı kəndində torpağa tapşırılıb.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.Mərasimdə çıxış edənlər mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verib, şəhidin keçdiyi döyüş yolundan danışıblar. Bildirilib ki, qüdrətli Azərbaycan ordusu düşmənə hər an tutarlı cavab verməyə hazırdır. Vətən yolunda canından keçən qəhrəman Azərbaycan oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Şəhid əsgər yaylım atəşi altında kənd qəbiristanlığında dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Cəmil Qasımova təqdim olunub.