Erməni hərbi birləşmələri Ağdam rayonunun təmas xəttindəki kəndlərini yenidən ağır artilleriyalardan atəşə tutub.
Qaziller.az bildirir ki, bu barədə Trend-ə Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.İcra başçısı bildirib ki, bir neçə saatdır ki, erməni silahlı birləşmələri rayonun Xındırıstan, Qaradağlı və Üçoğlan kəndlərini atəşə tutublar. Kəndlər mərmi atəşinə tutulsa da, itkisiz ötüşüb: "Evlərə ziyan dəyməyib. Atılan mərmilər əhalinin əkin sahələrinə düşüb. Xoşbəxtlikdən insan itkisi, yaralanan yoxdur. Əkin sahələrinə ziyan dəyib".
İcra başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə lazımi səviyyədə cavab verir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri atəşkəs rejimin son saatlarda həmin istiqamətdə pozulması faktını Trend-ə təsdiq edib.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.