Azərbaycan silahlı qüvvələri artıq bir neçə on kilometrlərlə irəli gedib və torpaqları geri qaytarıb.
Qaziler.az bildirir ki, ANS PRESS-ə istinadən xəbər verir ki, Vahid Mustafayev cəbhə bölgəsinə ezam olunaraq Ermənistanla təmas xəttindən məlumat verib:“Burada da ayın 1-dən 2-sinə keçən gecə ermənilər tərəfindən genişmiqyaslı hücum təşkil edilmişdi. Azərbaycan yaşayış məntəqələrinə ağır texnika ilə başlayan bu hücum qarşısı burada alınıb. Digər tərəfin çox danışmasına baxmayaraq Azərbaycan əsgərinin danışmaq üçün imkanları və vaxtı olmadığı üçün, biz bu işi müvəffəqiyyətlə öz üzərimizə götürürük”.
Vahid Mustafayev daha sonra ermənilərin vurulan “T-72” tankının görüntülərini nümayiş etdirib və bildirib ki, görünən tank kalonda hərəkət edən ilk tank idi:
“Ondan sağ tərəfdəki isə ikinci tankdır. Onların arxasınca iki yüngül texnika olan “BMP 2” hərəkət edərkən Azərbaycan ordusu tərəfindən məhv edilib. Digər tanklar isə yerlərini dəyişərək ərazidən uzaqlaşıb”.
Xüsusi müxbir daha sonra qeyd edib ki, bu gecə də bu onun dayandığı istiqamətdə yox, məhz digər istiqamətdə erməni tərəfinin 4 tankı sıradan çıxarılıb və məhv edilib.
"Hazırda bütün ərazilər müdafiə olunur. Artıq bir neçə on kilometrlərlə irəli gedilib və torpaqlar geri qaytarılıb."
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.