"Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir və ola biləcək bütün təxribatların qarşısını almağa hazırdır".
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasındakı məruzəsində söyləyib. Nazir qeyd edib ki, Ermənistan silahlı bölmələri son vaxtlar cəbhə bölgəsində təxribatları artırıb, mülki əhaliyə qarşı iri çaplı silahlardan istifadə edir: “Son hadisələr göstərir ki, əhali arasında itkilər də çoxalıb. Əməliyyat şəraiti qiymətləndirilərək bu təxribatların qarşısını almaq məqsədi ilə erməni silahlı bölmələrinin atəş nöqtələrinə zərbələrin endirilməsi barədə qərar qəbul olundu. Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları aprelin 1-dən 2-nə keçən gecə 3 istiqamətdə tədbirlər həyata keçirib. Nəticədə Talış kəndi, Seysulan və Horadiz istiqamətində olan təpələr döyüş əməliyyatı ilə ələ keçirilib. Bu əməliyyatların əsas məqsədi erməni təxribatlarının qarşısını almaq və bizim yaşayış məntəqələrinə olan atəş zərbələrinin təsirini azaltmaqdan ibarət idi”.Z. Həsənov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə sarsıdıcı zərbələr endirib: “Ordumuzun endirdiyi zərbələr nəticəsində düşmənin 100-ə yaxın canlı qüvvəsi məhv edilib, bir neçə yüz nəfər yaralanıb, çoxlu sayda zirehli texnika sıradan çıxarılıb”.