Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alarkən şiddətli döyüşlərdə şəhid olmuş Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu Ruhin Qəhrəmanov bu saatlarda dəfn edilib.
Cəbrayıl rayonundan olan şəhidin dəfn mərasimi valideynlərinin yaşadığı Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində keçirilib.Qaziler.az bildirir ki, Modern.az-ın məlumatına görə, R.Qəhrəmanov cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu gün Biləsuvardakı məcburi köçkün qəbiristanlığında dəfn olunan şəhid əsgərimizlə bağlı əlavə məlumat əldə etmişik.
Modern.az-a məlum olub ki, onun atası da Hökumət Qəhrəmanov da 1-ci Qarabağ döyüşlərində iştirak edib.
Ruhin Qəhrəmanov isə hələ bir neçə ay öncə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, təkbaşına 5 erməni əsgərini məhv edibmiş. Elə buna görə də o, həmin şücaətindən sonra “N” saylı hərbi hissənin rəhbəliyi tərəfində məzuniyyətlə mükafatlandırılıb.
Bir ay öncə valideynlərinin yanına məzuniyyətə gələn əsgər dünən geriyə şəhid kimi döndü…
Qeyd edək ki, şəhid Ruhin Qəhrəmanovun digər qardaşı da Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi xidmət keçən qulluqçusudur. Şəhidin dəfni zamanı onun tabutuna çəkilmiş üçrəngli bayraq hərbçi qardaşına təqdim olunub.
Dəfndə izdiham yaşanıb...
Allah rəhmət eləsin…