Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı təqdim edilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə Azərbaycan əsgərlərinin Vətənin müdafiəsindəki şücaətindən bəhs olunub, şəhidlərin ruhuna dualar oxunub.Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Umudov və başqaları mərasimdə çıxış edərək, tərtərlilərin torpaqlarımızın müdafiəsində fəal iştirakından, Abbaszadə Elşadın mənalı həyat və döyüş yolundan, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.
Şəhidin ailəsinə başsağlığı verən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani bildirib ki, cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir.
Abdulla Qurbani “Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin qardaşına təqdim edib.
Şəhidin qardaşı Rəşad Abbasov qardaşının Vətən uğrunda həlak olduğuna görə fəxr etdiyini diqqətə çatdırıb.