Tacikistan ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılıb

Tacikistan ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılıb backend

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Düşənbədəki “Sadoi Dushanbe” radiosuna tacik və rus dillərində müsahibə verib.

Qaziler.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, səfir deyib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda yerləşən Xocalı şəhəri Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birgə mühasirəyə alınıb, şəhər ağır artilleriyadan atəşə tutulub, dağıdılıb və yandırılıb. Canını qurtarmaq istəyən əhali - qocalar, qadınlar, uşaqlar yaxınlıqdakı meşəyə qaçıb. Bundan xəbər tutan erməni quldur dəstələri vertolyotla sanki insan ovuna çıxıb, şəhər sakinləri qəddarlıqla məhv edilib.

Bildirilib ki, həmin qanlı gecədə 613 nəfər qəddarlıqla öldürülüb, 1270 nəfər əsir götürülüb. Əsirlərə amansıza işgəncələr verilib. Bu işgəncələr barədə şahidlərin ifadələri var, xarici jurnalistlər də bu haqda yazıblar. Hətta sonradan bir erməni zabiti də öz yazılarında bunu etiraf edib.

Qeyd edilib ki, ermənilər Qafqazın yerli xalqı deyil. Tarixi faktlar sübut edir ki, ermənilər Qarabağa Rusiya-İran müharibəsindən sonra bu iki dövlət arasında bağlanan 1828-ci il Türkmənçay sülh müqaviləsinə uyğun olaraq Suriya, İran, Misir, Liviya, Livan, Türkiyə, Yunanıstan kimi ölkələrdən köçürülüb. Xocalı soyqırımı öz qəddarlığına görə Xerosima, Naqasaki, Sonqmi, Xatın kimi soyqırımları ilə eyni sırada durur.

Diqqətə çatdırılıb ki, bu günə qədər dünyanın 12 dövləti, ABŞ-ın 21 ştatı, o cümlədən 53 islam dövlətini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalıda baş verən hadisələri soyqırımı kimi tanıyıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər bu qətnamələri yerinə yetirmir.

Vurğulanıb ki, Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən dünyanın bütün ölkələrində “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir və Azərbaycan həqiqətləri dünyaya çatdırılır.

Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin Fərmanı ilə fevralın 26-sı Azərbaycanda matəm günü kimi yad edilir. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımı ilə bağlı ucaldılmış abidəni hər il ziyarət edir. Fevralın 26-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilir.

Müsahibədə Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılması, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, azərbaycanlıların Orta Asiyaya sürgün edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər haqqında da məlumat verilib.
Diaspora