(Bu yazını iki il əvvəl - 14 tank vurub, amma utanır - azerfax.az saytı üçün yazmışdım.)
Son günlər cəmiyyətdə, ələxüsus da müharibə insanları arasında bir sıra məsələlər həm mətbuatda, həm də sosial şəbəkələrdə ciddi müzakirə edilir.Bəzi saxta qəhrəmanların peyda olması və ya Qarabağ müharibəsində edilən real qəhrəmanlığın şişirdilməsi, ya da aşırı təbliği keçmiş döyüşçüləri narahat edir. Bu isə ona gətirib çıxarıb ki, artıq cəmiyyətdə belə bir sual yaranıb: Torpaqları işğal altında olan məmləkətdə nə qəhrəman? Və ya Azərbaycanın bu qədər Milli Qəhrəmanı ola-ola torpaqlarımız niyə işğal olunub? Sual varsa, deməli cavabı da olmalıdır. Cavab verməyə çalışaq...
Əvvəlcə məlumatı olmayanlara arayış verək ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı 1992-ci ilin mart ayında təsis edilib. Və ölkəmizdə 211 nəfər Milli Qəhrəman fəxri adına layiq görülüb. Onlardan 134-dü mərhum Əbülfəz Elçibəyin, 75-i mərhum Heydər Əliyin (onlardan 35-i 1995-ci ilin məlum mart hadisələri zamanı verilib) , 2-si isə hazırkı prezidentimiz İlham Əliyevin fərmanı ilə verilib. Milli Qəhrəmanlarımızdan 15 nəfəri hazırda sağdır. İlk təltiflər də məhz 1992-ci ilin uğurlu yay hücumları zamanı verilməyə başlanıb. Digəri - Azərbaycan Bayrağı ordeni isə 1993-cü ilin dekabrında təsis edilib. 2012 - cilin birinci yarısına qədər olan məlumata görə, 281 nəfər bu ordenlə təltif olunub. Məncə, ilk vaxtlarda bu orden olmadığından Azərbaycanın Milli Qəhrəmanı adı daha çox verilib. Bir əsas səbəb də budur.
Azərbaycanın Milli Qəhrəmanı adı kimlərə verilir, daha doğrusu, bu hansı meyarla təltif edilir? Əlimizdə elə bir rəsmi sənəd yoxdur, amma müharibə zamanı deyirdilər ki, düşmənin 2 tankını və 30 nəfər canlı qüvvəsini məhv edən əsgərə, zabitə Azərbaycanın Milli Qəhrəmanı adı verilir. İndiyə qədər bu meyara nə dərəcədə əməl olunub, onu deyə bilmərik, fakt odur ki, 211 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İndi gələk əsas məsələyə: Torpaqları işğal altında olan məmləkətdə Milli qəhrəman ola bilərmi? Bəli, ola bilər! Bu mənim qənaətimdir. Ən əsası isə, bu yüksək ad əksər halda fərdi qəhrəmanlığa görə verilir, ümumi nəticəyə yox...
Digər tərəfdən, əslində silahlı qüvvələrin şəxsi heyətinə, xalqın döyüş ruhunu qaldırmaq üçün müxtəlif fəxri adlar, o cümlədən, Milli qəhrəman adı məğlubiyyət zamanı daha çox verilməlidir. Necə ki, Böyük Vətən Müharibəsi zamanı verilirdi. Yeri gəlmişkən 1941-1945-ci illərdə ümumilikdə 15 min nəfər sovet əsgər, zabitinə və generalına Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib. Bunlar heç də hamısı sovet qoşunlarının parlaq qələbəsi zamanı verilməyib. Müharibənin ən uğursuz vaxtlarında SSRİ rəhbərliyinin tapşırığı ilə neçə-neçə yalançı qəhrəmanlar da yaradıldı. Çünki sovet əhalisinin döyüş ruhunun qaldırılması üçün bu lazım idi.
Azərbaycana gəldikdə isə bu bizə həm o zaman lazım idi, həm də indi. Axı torpaqlarımız hələ işğal altındadır. Bizə həm bütövlükdə silahlı qüvvələrimizin, həm də xalqımızın döyüş ruhunu qaldırmaq lazımdır.
Bizim Milli Qəhrəmanlarımız var ki, gerçək şücaəti və şəxsi keyfiyyətləri haqqında saatlarla danışa bilərsən. Lakin bu adla təltif olunmuş elə “qəhrəmanlar” da var ki, ortalıqda elə bir ciddi fakt və məlumat yoxdur. Eşitdiyimiz ümumi sözlərdir. Biz bu adın üzərinə kölgə salmaq niyyətindən çox-çox uzağıq, amma reallığı bütün xalqımız bilir axı...
O ki, qaldı saxta qəhrəmanlara və ya öz qəhrəmanlıqlarını şişirdənlərə, bayağı təbliğ edənlərə, onlara canlı Vahid Quliyev nümunəsi göstərmək istərdim. Vahid Quliyev Azərbaycanın Milli Qəhrəmanıdır və sağdır. Qarabağda “Şturm-S” adlı qurğu ilə erməninin nə az, nə çox, düz 14 tank və zirehli texnikasını məhv edib. Biz onu apa.tv-nin “Müharibə adamı” verilişinə dəvət edəndə tərəddüd edirdi, gəlmək istəmirdi və elə beləcə də deyirdi: “Ay Rey, mən gəlim nə danışım, axı torpaqlarımız, babalarımın yurdu işğal altındadır, vallah, utanıram!”.
Məncə, bu, özləri haqqında film, klip çəkdirən, kitablar yazdıran, əllərində müxtəlif sənədlərlə dövlət idarələrinin, səlahiyyətli şəxslərin, mətbuat orqanlarının qapısını kəsdirib ad istəyənlərə bir ibrətdir!
Əlbəttə, anlayana!
P.S. Azərbaycanda Qarabağ müharibəsinin gerçək qəhrəmanları var ki, bir adı, titulu yoxdur, heç halal veteran adını da ala bilməyib.