Strasburqda Xocalı qurbanlarına həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Strasburqda Xocalı qurbanlarına həsr olunmuş anım mərasimi keçirilib - FOTO backend

Fevralın 16-da Fransanın Strasburq şəhərindəki “l’Odyssée” kinoteatrında müstəqil litvalı rejissor Andreas Brokasın “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçirilib.

Avropa Şurası və Avropa Parlamenti kimi təsisatların məkanı olan bu şəhərdə keçirilmiş gecədə 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamının qurbanları yad edilib. Filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib.

Qaziler.az bildirir ki, TEAS-dan Trend-ə verilən məlumata görə, Azərbaycanın dostlarından ibarət auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin direktoru Eliza Piter bildirib ki, təşkilat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci il tarixində başlanmış Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbirləri təşkil etdiyi üçün qürur hissi duyur. Bu kampaniyanın qısa zaman kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsinə beynəlxalq dəstək olacaq. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub.

Çıxışının sonunda E.Piter vurğulayıb ki, bu günün faciələri bizi dünənin faciələrini unutdurmamalıdır. Bu gün yaranan milyonlarla qaçqın ordusu bizə 20 ildən artıqdır öz torpaqlarına qayıdışını səbirsizliklə gözləyən bir milyondan çox qaçqın və məcburi köçkün azərbaycanlının faciəsini unutdurmamalıdır.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov qeyd edib ki, bu gün Xocalı şəhəri artıq mövcud deyil. Lakin qətliam qurbanlarının xatirəsi hələ də yaşayır. Onlar bizim yaddaşımızdadır. Biz bu soyqırımla bağlı cəzasızlıq və ədalətsizliyə son qoyulmasını, bu cür faciələrin bir daha təkrarlanmamasını istəyirik. Diplomat ümidvar olduğunu bildirdi ki, “Sonsuz dəhliz” filmi burada olanlara qətliamın reallıqlarını daha yaxşı çatdıracaq.

Xocalıya yenidən qayıdışı ilə bu film üçün əsas yaradan litvalı jurnalist Riçard Lapaytis həmin faciəvi günləri xatırlayaraq deyib: “Xocalı qətliamının şahidi kimi orada yaşadıqlarım mənim həyatımı tamamilə dəyişdirdi. Mən qurbanların cəsədləri ilə dolu olan bir bina, altı yaşlı qız uşağının cəsədi, başı kəsilmiş insanlar gördüm. Mən orada gördüklərimi unuda bilmirəm. Mən o zaman Xocalı qətliamı haqqında reportaj hazırlayıb təhvil verdikdə redaktorum buna şübhə ilə yanaşdı. O dedi ki, bu cür qırğının baş verməsi mümkün deyil. Lakin mən cavab verdim ki, bu cür faciənin bir daha baş verməsinə heç zaman yol verilməməlidir. Mən bir çox illər sonra Ağdama qayıdanda anladım ki, bu dağıdılmış yer dünyada ən kədərli şəhərdir. Ən dəhşətlisi odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də davam edir. Azərbaycan əraziləri hələ də Ermənistanın işğalı altındadır. Bu filmin nəticəsi məni məmnun etdi. Bu film özləri görə bilməsələr də, 613 nəfərə həsr olunmuş layiqli xatirə tablosudur”.

Xocalı qurbanlarına həsr olunmuş xatirə gecəsi fransalı bəstəkar Pyer Tilloyun özünün iştirakı ilə “Xocalı 613” adlı əsərinin ifası ilə yekunlaşıb. Bu əsər 2013-cü ildə “Victoires de la Musique Classique” klassik musiqi mükafatına layıq görülüb.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin“Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.
Diaspora