Xocalı soyqırımı ilə əlaqədar Tbilisidə aksiya keçirilib

Xocalı soyqırımı ilə əlaqədar Tbilisidə aksiya keçirilib backend

Gürcüstanda fəaliyyət göstərən “Borçalı İrəli” İctimai Birliyinin bir qrup gənc üzvü fevralın 15-də Tbilisinin mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar aksiya keçirib.

Aksiya iştirakçıları paytaxt küçələrində, metro stansiyalarının qarşısında Xocalı soyqırımından bəhs edən broşür və mətbuat üçün açıqcalar paylayıblar.

Qaziler.az-ın məlumatına görə, Tbilisi şəhər sakini, kilsə xidmətçisi xanım Ketevan Çavleşvili AZƏRTAC-a müsahibəsində deyib ki, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc sakinlərin qətlə yetirilməsi insanlığa sığımayan hərəkətlərdir. O deyib: “Gənclərin bizə payladıqları broşür və açıqcalarda yaşından, irqindən və dinindən asılı olmayaraq insanların vəhşicəsinə qətlə yetirildiyi bildirilir. Bu qətliamı törədənlər Gürcüstanda da qatı cinayətlər törədiblər. Amma Xocalıda baş verənlər əsl soyqırımıdır. Biz sizin dərdinizi, ağrı-acınızı dərk edirik, qəlbimiz sizinlədir”.

“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov jurnalistlərə deyib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən aksiyanın məqsədi gürcü xalqına və paytaxtın qonaqlarına Xocalı soyqırımı barədə ətraflı məlumat vermək, bu yolla dünya ictimaiyyətinin diqqətinin 1992-ci il fevralın 26-da gecə dinc azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş cinayətə cəlb etməkdir.

Gürcüstanın Gənc Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov deyib ki, assosiasiyanın üzvləri də bu aksiyada fəal iştirak edirlər. Assosiasiya üzvləri dünyanın aparıcı dövlətlərinə də müraciət qəbul ediblər. Müraciətdə Xocalı faciəsinin başvermə səbəbləri, ağır nəticələri barədə məlumat verilir: “Məqsədimiz Xocalı soyqırımına dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində ədalətli qiymət vermək, günahkarların cəzalandırılmasına nail olmaqdır”, - deyə o vurğulayıb.
Diaspora