Xətai Baxışov: “Qarabağda erməni ilə döyüşmüş, qan tökmüş hər bir kəs bizim qardaşımızdır“

Xətai Baxışov: “Qarabağda erməni ilə döyüşmüş, qan tökmüş hər bir kəs bizim qardaşımızdır“ backend

Müharibə iştirakçılarının döyüş xatirələri hər zaman bütün cəmiyyətlərdə maraq doğuran, oxunan mövzudur.

Qarşısında dövlətinin ərazi bütövlüyünün bərpası vəzifəsi dayanan millət üçünsə öz yaxın hərb tarixi eyni zamanda örnəklər və ibrətlər mənbəyidir.

İlk növbədə bu mənbə, təbii ki, həyatda olan müharibə iştirakçılarıdır. Onların xatirələri hər birimiz üçün əzizdir, dəyərlidir. Lakin bəzən hansısa eyni döyüş, eyni hadisə barədə fərqli versiyalar söylənilir.

Sosial şəbəkədə bir neçə ay öncə mən də belə bir hala rast gəldim və bir qədər maraqlanandan sonra sözügedən 12 iyun 93-cü ildə Ağdamın Mərzili kəndində baş vermiş və sonralar mediamızda döyüşçülər, jurnalistlər, sosial şəbəkə istifadəçiləri arasında (məlum səbəblərdən) səngiməyən mübahisələrə səbəb olmuş döyüş barədə çəkilmiş "258 saylı PDM" filmi ilə bağlı araşdırma aparmağı qərara aldım.

İlk növbədə 12 iyun 1993-cü ildə Mərzilidə baş vermiş döyüşün həyatda olan iştirakçılarını həmin dəstənin döyüşçüsü olmuş Rövşən Həsənovun köməkliyi ilə tapdıq. Hər birindən döyüş yolları və konkret bu döyüş toqquşması barədə müsahibələr aldıq.

Müsahibələrdə "258 saylı PDM" filmdə göstərilən faktların reallığa uyğun olmadığı iddiası aşkar görünür və döyüşçülər tərəfindən də sübut olunurdu.

Lakin filmi çəkdirmiş Xətai Baxışovu dinləməmiş bu mübahisə düzgün həllini tapmazdı. Elə bu zaman Xətai müəllim, Qazilər fb-qrupun idarəçisi Nazim Bayramovun vasitəsilə, döyüşçülərlə görüşüb, anlaşılmazlığı üzbəüz həll etmək istədiyini mənə bildirdi. Bu, bir araşdırmaçı kimi məni əlbəttə ki, çox sevindirdi. Döyüşçülərlə əlaqə saxladım. Hamısı görüşə razılıqlarını bildirdilər.

Görüşdə iştirak edəcək qazilərin çoxu ölkəmizin mərkəz və qərb zonasında yaşadığından, görüşümüz Mingəçevir şəhərində baş tutdu.

Kiçik çilənin girməsinə baxmayaraq, Mingəçevirdə hava günəşli və mülayim idi. Kürün sahilində maşınlardan düşüb görüşürük. Qarabağ qaziləri Xətai Baxışova komandir deyə müraciət edirlər, salamlaşıb görüşürlər.

Rahat əyləşib söhbət etmək üçün sahil kafelərinin birini seçirik. Görüşdə Xətai Baxışov, Şakir Hacıyev, Rizvan Məmmədvəliyev, Fərrux Əsədov, Xəyal Məmmədov, Elfaq Hacıyev, Azəddin Musayev və müharibə zamanı 123 saylı alayın tank batalyonunun komandiri olmuş, ehtiyatda olan zabit Nazim Bayramov iştirak edirdi.

Bir-birlərini illərdir görməyən keçmiş döyüşçülərin komandirləri ilə görüşlərinin ilk dəqiqələri sərbəst keçsin deyə, Nazim Bayramovla adama bir stəkan çay süzüb düşürük çayın sahilinə tərəf. Burada isə mövzu Kürün möhtəşəmliyi, gözəlliyi və Mingəçevirin ölkəmizin ən təmiz şəhərlərdən biri olmasıdır. Qarşımızda qayıqlarını çayla yuxarı-aşağı sürərək, avarçəkənlər komandaları məşq etdirirlər. Onların komanda şəklində avar çəkmələrinin sinxronluğu adamı valeh edirdi. Çayımızı içib, yığıncağa yenidən qatılırıq. Artıq ortam əsas mətləbə keçməyə imkan verirdi.

Nazim Bayramov sözə başlayır. "Gəlişimizin səbəbi bildiyiniz kimi bir döyüşlə bağlı Xətai Baxışovun çəkdirdiyi "PDM 258" adlı filmdir. O filmdə bildirilir ki, 12 iyun 1993-cü il Mərzili kəndində erməni UAZ-nı Xətai Baxışovun əsgərləri Şaiq Kəlbiyev, Asəf Mütəllimov (hər ikisi o döyüşdə şəhid olub) və Azəddin Musayev vurub. Ancaq sonradan Səxavət Məmmədin araşdırması zamanı Rizvan Məmmədvəliyev, Fərrux Əsədov, Xəyal Məmmədov və Elfaq Hacıyev bildirdilər ki, həmin döyüşdə düşmənlə yaxın məsafədə gözlənilmədən qarşılaşaraq, erməni UAZ-nı və orada 4 erməni rütbəli zabitini onlar vurub öldürüblər. Buraya yığışmağımızın əsas səbəbi, Qarabağ döyüşçüləri arasında sağlam döyüşçü mühitində bu məsələni aydınlaşdırmaq və səhv və yanlışlıqları düzəltməkdir (Nazim Bayramovun fikri bütün döyüşçülər tərəfindən dəstəklə qarşılanır). Məsələ barədə hər kəs sözünü deyəcək, fikrini bildirəcək. Təklif edirəm, ilk sözü görüşün təşəbbüskarı kimi Xətai müəllimə verək".

Bundan sonra Xətai Baxışov sözə başlayır:

"Mənə 1997-ci ildə Talıb Məmmədov bildirdi ki, erməni terrorçusu Monte Melkonyan 12 iyun 1993-cü ildə Mərzili kəndində öldürülüb. Talıb Məmmədov dedi ki, bunu araşdır gör, orada kimlər olub. Bir qədər araşdırmadan sonra məlum oldu ki, mənim əsgərlərim Şaiq Kəlbiyev, Asəf Mütəllimov və Azəddin Musayev "BMP-2"də o döyüşdə olublar. Açığı araşdırma etməyə əlimdə nə geniş imkan, nə də zaman var idi. Sonradan qərara gəldik ki, bununla bağlı film çəkək. Bu döyüşçülərin orada olduğunu, erməni UAZ-nı və generalını orada məhv etdiyini bilsəm film bunlar haqqında çəkilərdi. Ancaq siz axı 708-ci briqadaya daxil olsanız da mənim əsgərlərim olmamısınız, sizin o döyüşdə olmanızı o zaman bilməmişəm. İndi o döyüşdə olan əsgərləri də dinləmək istəyirəm".

Rizvan Məmmədvəliyev sözə başlayır, "Səhv insana məxsus olan bir şeydir, buna görə heç kimi qınamırıq, əsas odur ki, bir-birimizi başa düşək".

Rizvan üzünü Xətai Baxışova tutub deyir, “Əgər sizin əsgərlər oraya gəlib çıxmasa idi, yəqin ki, itkimiz daha çox olardı. Orada sizin ekipajdan iki nəfər də şəhid olub, şəhid olanlar bizim qardaşlarımızdır. Azəddin qardaşı nə o döyüşdən əvvəl, nə də o döyüşdən sonra görmüşəm. Heç adını da bilmirdim. Yaralı idim, onlar çatmasa, indi məni ya öldürmüşdülər, ya da əsir idim... 258 saylı PDM ekipajının bu xidmətini dana bilmərəm, ancaq söhbət UAZ-ın konkret kimin tərəfindən vurulmasından gedirsə, Azəddingil gələnə kimi UAZ bizim PDM ("Qisasçı") tərəfindən artıq vurulmuşdu.

Azəddin Musayev görüş üçün hər kəsə minnətdarlığını bildirdi. Dedi ki, "Biz oraya çatanda artıq UAZ vurulmuşdu, bir nəfər əli ilə 3 rəqəmi, evi və qramtaniyot işarəsi göstərdi." Bu zaman Rizvan deyir, "Bax o mən idim." İki döyüşçü diqqətlə bir-birinə baxır. Bir neçə saniyə baxışmadan sonra, Azəddin deyir, "Elədir ki, var." Döyüşçülər oturduğu yerdən durub qucaqlaşırlar. Rizvan şəhid olan Şaiq Kəlbiyev, Asəf Mütəllimova Allahdan rəhmət diləyir...

Fərrux Əsədov UAZ-ı necə vurmasından, Elfaq Hacıyev əsir düşməsindən və əsirlik həyatından, Xəyal Məmmədov isə döyüşə qatılmağından danışdı. Keçmiş 864 saylı batalyonun komandiri Şakir Hacıyev 12 iyun 1993-cü il Mərzili döyüşündə iştirak etməsə də, öz əsgərləri ilə fəxr etdiyini bildirdi.

Xətai Baxışov sözə yenidən davam edir: "Hesab etmirəm ki, filmdə səhv etmişəm. 258 saylı PDM də o döyüşdə iştirak edib. Sadəcə məndə olan məlumat natamam olub, iki PDM-dən biri - sizin PDM haqqında məlumatım olmayıb. Təkrar edirəm, sizin PDM-in və digər döyüşçülərinizin o döyüşdə iştirakı barədə məlumatım olsaydı, bunu niyə deməyim, yaxud filmdə əks etdirməyim ki? Bu filmi İbad Hüseynovun öldürdüyü və başını kəsdiyi erməninin Melkonyan olması barədə versiyası üzərində çəkdirdiyi filmi təkzib etmək üçün çəkdirmişdim...”

"İbad bizim qardaşımızdır!"

Xətai Baxışov davam etdi: "Açığı bəziləri məsələni elə təqdim edirlər, guya mən İbad Hüseynovla düşmənəm. Hələ bir dəfə İbad Hüseynovla qarşılaşmamışam. Bunu bu cür göstərən bəzi işbazlardır. İbad Hüseynov mənim döyüş qardaşımdır, Qarabağda erməniyə güllə atan, döyüşmüş, qan tökmüş hər bir kəs bizim qardaşımızdır. İndi biz qazilər, döyüşçülər birlik və gənclərə örnək olmalıyıq".

Bu zaman Nazim Bayramov deyir, "İbad əmindir ki, düşmən arxasına keçib öldürdüyü və başını kəsdiyi erməni Melkonyandır. Tarixdə digər müharibələrdə, veteranların xatirələrində, hətta marşal və generalların memuarlarında uyğunsuzluğa, bəzən ziddiyyətə rast gəlinir. Bu zaman yanlışlıqlara yoldaşcasına diqqət çəkilir. İbad belə bilir və bildiyində israrlıdır. Bilsin. O, yenə də bizim qardaşımızdır, onun döyüş xidmətlərini yerə vurmağa heç kəsin haqqı yoxdu. Lakin bu məsələlər şou-biznes qalmaqalı kimi həll olunmamalıdır. Döyüşçülər bu cür yığışıb, aralarında olan anlaşılmazlıqları, nifaqı həll etməlidirlər".


Xətai Baxışovun və Nazim Bayramovun İbad Hüseynov barədə fikirləri hər bir orada iştirak edən döyüşçü tərəfindən alqışlandı, hər kəs "Bəli, İbad bizim döyüşçü qardaşımızdır!", dedi.

Görüşün yekununda qərara alındı ki, Xətai Baxışov “258 saylı PDM” filmində əks etdirilməyən döyüş epizodları barədə bu döyüşçülərin iştirakı ilə əlavə film çəkdirsin və bununla 12 iyun Mərzili döyüşü barədə həqiqət tamamlansın. Buna uyğun olaraq, "258 saylı PDM" filmindən bəzi kadrlar çıxarılsın. İbad Hüseynovla burada olan döyüşçülərin görüşü təşkil olunsun və döyüşçülər arasında məlum hadisə ilə və əks-təbliğatla bağlı illərlə davam edən bütün narazılıqlara o görüşdə son qoyulsun.

Araşdırmamız nur şəhərimiz olan Mingəçevirdə, Ana Kürün sahilində keçmiş döyüşçülərin mehriban, eyni zamanda çox maraqlı görüşündə bitmiş hesab oluna bilsə də, veteranların təkidilə yeni filmin çəkilişinə yardım məsələsi və İbad Hüseynovla görüşün təşkili isə mənə həvalə olundu.

P.S. Sonradan görüşə Mingəçevir batalyonununu yaradıb və ona komandirlik edən, birinci qrup Qarabağ əlili Alı Yəhyayev və bir neçə Mingəçevirdən olan döyüşçülər qatılmışdı.

Diaspora