Qazilər.az saytı Azərbaycanın tanınmış jurnalisti, yazıçı - publisist, Azərbaycan, rus, ingilis, türk, malay dillərindən nəşr olunan 12 kitab müəllifi, əslən Xocalıdan olan, Xocalı soyqırımın canlı şahidi Səriyyə Müslüm qızının “Onlar heç vaxt böyüməyəcəklər” kitabından esseləri təqdim edəcək. Kitabda 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda qətlə yetirilən 63 uşağın taleyindən bəhs edən kiçik esseləri təqdim edirik. Biz bu balaca hekayələrin dünyada bərabarin görmürük. Heç bir cümləlik tərcümeyi – hala rast gəlmisiniz? Elə isə buyurun!
ŞAXTA BABANIN “HƏDİYYƏSİ”Tərcümeyi – halı
Orucova Xəyalə Telman qızı 1986-cı ildə Əsgəran rayonunun Şuşukənd kəndində anadan olub. 1992-ci il fevralın 26-da 6 yaşında donub ölmüşdür.
…O, valideynlərinin xəyallarının barıydı. Ona görə də adını Xəyalə qoymuşdular. Amma tale elə gətirdi ki, ata-anasının çin olmayan xəyalları Xəyalənin bacıları üçün acı xatirəyə döndü. Xəyalə də müdhiş gecənin qurbanı oldu. Hər yeni ildə “Şaxta baba, şaxtacan, hardasan bu vaxtacan?” - deyə oxuyan Xəyalənin ömrünü elə şaxta yarıda qoydu…
…Həmin gecə, fevralın 26-da İradə 3 qızını ölümün ağuşundan qurtarmaq üçün Xocalıdan baş götürüb meşəyə üz tutanda başqa xocalılar kimi onun da ağlına gəlməzdi ki, meşədə onları qışın şaxtası, erməni yaraqlılarının güllələri gözləyir.
İradə qızlarını götürüb meşəyə qaçanda onların əyinləri nazik, ayaqları
yalın idi. Evdən götürdüyü yeganə paltosunu Xatirəyə geyindirmişdi. Hara üz tutduqlarını özləri də bilmirdilər.
Sübh çağı Naxçivanik kəndi yaxınlığında İradəyə güllə dəyir…
Üç bacı ananın başına toplaşıb, onu dartışdırır, qışqırır, “ölmə, ana!” - deyib ağlaşırdılar. Amma onların səsi nə Allaha, nə də bəndəyə çatırdı. Güllə dolu kimi yağırdı. Anasını qucaqlayıb ağlayan Xatirəyə də güllə dəyir. Balaca Xəyalə ümidini qonşuları Naziləyə bağlayıb: “Nazilə xala, qoyma anam ölsün!” - deyir. Heyhat qarın içində, özü də yaralı olan Nazilənin gücü için-için ağlamağa, bir də əyinindəki paltosunu çıxarıb oğlu Ramillə birgə donmuş Xəyaləni bükməyə çatır. Lakin güllə yarası almış, iliklərinə kimi donan Xəyalə ölür. Xatirə isə sağ qalır. Ataları Telman Orucov da fevralın 26-da qətlə yetirilib.
…Bu da 6 yaşlı Xəyalənin ömür yolu…