Şuşanın lətifəyə çevrilmiş əhvalatları - MARAQLI

Şuşanın lətifəyə çevrilmiş əhvalatları -  MARAQLI backend

Erməni işğalında olan Şuşamızı və digər əzəli-əbədi torpaqlarımızı hər gün xatırlamaq, unutmamaq hər birimizin borcudur.

Qaziler.az bədii ədəbiyyatda Qarabağla bağlı maraqlı yazıları təqdim etməyə başlayır.
İlk olaraq XX əsrin əvvəllərində Azərbaycan realist nəsrinin görkəmli nümayəndələrindən olan Yusif Vəzir Çəmənzəminlinin memuar səpkisində yazdığı "Həyatımın 20 ili" əsəri götürülüb. Əsərdə yazıçı özünün yeniyetməlik çağlarında keçirdiyi mühitlə əlaqədar səciyyəvi səhnələr vermişdir.

Qaziler.az əsərdə öz əksini tapmış Şuşanın hazırcavab insanlarının lətifəyə çevrilmiş maraqlı əhvalatlarını təqdim edir.
*****
Şuşa məclislərində incə zarafat, lətifəçilik, hazırcavablıq olduqca inkişaf etmişdi. Mayor Əbdürrəhimbəy, Səfibəy, Əli yüzbaşı, Dəli Xudubəy, Allahverənli Kalba Şirin kimi adamların söyləmiş olduqları lətifələr yalnız Şuşada deyil, Azərbaycanın bütün guşəsində söylənir. Bunların şoxu ictimai xarakter daşıyır.

Əbdürrəhimbəy Vəzirov vaxtilə çarın xas (xüsusi-red.) alayına mənsub olaraq 1887-78-ci illərdə baş vermiş rus-osmanlı müharibəsində iştirak etmiş və bir Vladimir xaçı da almışdı. Mən görən vaxtlar istefada idi və Vladimir nişanına məxsus olaraq ayda on manat təqaüd alırdı. Bütün gəlirləri də bu idi. İl uzunu dəftərxanalara ayaq döyür, yer axtarır, tapa bilməzdi. Bir neçə ay şəhər naçalnikinin yanına gedir, hər dəfə naçalnik onun adını eşidəndə deyir sabah gəlsin. Bu "zavtra"lar Əbdürrəhimbəyi təngə gətirir. Axırda bir dəfə də gedir və "zavtra" sözünü eşidər-eşitməz çıxıb dəftərxananın qabağında havaya bir güllə atır. Bunu tutub naçalnikin yanına aparırlar. Naçalnik güllənin səbəbini soruşanda Əbdürrəhimbəy deyir: "Zavtra"nı öldürdüm, artıq "zavtra" yoxdur.
***
Əbdürrəhimbəy yer üçün Gəncəyə, qubernator Naqaşidzenin yanına gedir. Vizit kartını göndərir, vali onu qəbul etmir. Dəfələrlə gedir, qəbul olunmur, nəhayət vizit kartına "Veziridze" yazıb göndərir, vali o saat onu yanına çağırır. Soruşur ki, familin nədir, deyir: "Vəzirov" . Naqaşidze heyrətlə:
-Bəs Veziridze neçin?
Əbdürrəhimbəy:
-Başqa əlacım qalmamışdı,-deyir.
Naqaşidze qulluq verməmək üçün bəhanə axtararaq:
-Axı sən qocasan, qulluq nəyinə lazımdır?
Əbdürrəhimbəy:
-Zati dövlətləri, - deyir, mən qulluq üçün ərizə verəndə cavan idim.
***
Bir gün Əbdürrəhimbəyin qardaşı xəstələnir, Əbdürrəhimbəyə deyir:
-Get həkimə, de bir dəva versin.
Əbdürrəhimbəy:
-Nəyi deyim, həkim özü gəlməlidir.
-Gəlməsi lazım deyil. De ki, dili ağzında şişib badımcana dönüb, burnu xiyar kimidir, qulaqları kələm yarpağı kimi sallanır. ..
Əbdürrəhimbəy onun sözünü kəsir:
-Bildim, birdəfəlik deyərəm bostan olub.
***
Xoş havalarda zəriflər (zarafatçı, incə, qəşəng, məzəli danışan, xoşsöhbət-red.) Divanxana qabağına toplaşardılar. Bir gün orada dil məsələsi mövzuyi-bəhs olur. Əbdürrəhimbəy deyir:
-Mən heç rusun bu "prişol"u ilə "priyexal"ının mənasını anlamadım. Hamısına prişol desinlər, canımız qurtarsın.
Əbdürrəhimbəyin qardaşı məsələni anlayaraq deyir:
-"Prişol" ayaqla gəlməyə, "priyexal" isə eşşəkdə, atda və arabada gəlməyə deyirlər.
Bu halda Əbdürrəhimbəyin gözləri eşşək üstə gələn bir kəndliyə sataşır. Kəndlinin ayaqları o qədər uzun imiş ki, yerlə sürünürmüş və yeriməsi ilə eşşəyə minməsi bəlli deyilmiş. Əbdürrəhimbəy kəndlini qardaşına göstərib soruşur:
-İndi mən buna "prişol" deyim, yoxsa "priyexal"?
*****
Zəriflərdən biri də Xudubəy idi. O deyərdi: "Bağ var tumana salarlar, bağ var meyvəsini yeyərlər".

Xudubəyin bu sözləri məsəl olub qalmışdır.

Xudubəydən iki məsəlini də söylərlər.

Onun bol siçanlı bir dükanı varmış. Dükan yanır. Qonşuları buna təsəlli verdikdə, deyir: "Dükan yandısa, siçan da yandı".

Bir məclisdə xanəndə səsini açmaq üçün yumurta istəyir. Xudubəy deyir: "Yumurta səs açsaydı, toyuğun arxası şahnaz çalardı"...
Diaspora