Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işində daha fəal iştirak etməlidir.
Qaziler.az “Report” xəbər verir ki, bunu "Vestnik Kavkaza" nəşrinə müsahibəsində məşhur amerikalı diplomat, ABŞ-ın Bakıdakı sabiq səfiri Metyu Brayza Aİ-nin bu məsələdə status-kvonun saxlanmasının yolverilməz olmasına dair bəyanatını şərh edərkən bildirib."Aİ-nin Dağlıq Qarabağdakı status-kvonun qeyri-məqbul olmasına dair bəyanatı Azərbaycanın Ermənistanın danışıqlar prosesində iştirak etməməsi ilə bağlı narahatçılığını əks etdirir. Çünki bölgədəki hərbi vəziyyət Ermənistanı qane edir. Eyni zamanda təmkinli olmağa çağırış Ermənistanın Azərbaycanın hərbi vəziyyəti dəyişməyə çalışacağı ilə bağlı narahatçılığını ifadə etdi ki, bu da öz növbəsində İrəvanı əndişələndirir", -deyə o bildirib.
Diplomat xatırladıb ki, Aİ ATƏT-in rəhbərliyi altında danışıqlar prosesində, xüsusilə sazişə görə Azərbaycana qaytarılmalı olan ərazilərin statusunun bərpa edilməsində vasitəçi kimi çıxış etməyə hazır olduğunu ifadə edib. O qeyd edib ki, Aİ-nin ilkin mövqeyi belə idi.
"Mənim mövqeyimə gəlincə isə, mən artıq çoxdan Aİ-nin Minsk qrupunda daha mühüm rol oynaması mövqeyindən çıxış edirəm, çünki mən hesab edirəm ki, bu kimi müdaxilə danışıqlar prosesinə böyük önəm qatacaq", - deyə Metyu Brayza bildirib.