QAZİLƏRİ, ƏLİLLƏRİ SÜRÜNƏRƏK YAŞAYAN AZƏRBAYCAN

QAZİLƏRİ, ƏLİLLƏRİ SÜRÜNƏRƏK YAŞAYAN AZƏRBAYCAN backend

Mövzum keçən il Ağdamda gedən döyüşlərdə hər iki ayağını itirən Sərxan Tahirzadə və onun kimi qazilərlə bağlıdır. Facebook sosial şəbəkəsində bir paylaşıma rastladım.

Sərxan Türiyədə müalicə alıb, və oralı-buralı millət vəkilləri ona dəstək verərək, Sərxanın müalicəsində iştirak ediblər. Öncəliklə, bir şeyi qeyd etməliyəm. Bu cür hadisələrdə nə millət vəkili, nə hansısa bir qurum köməklik göstərməlidir. Birbaşa dövlət sahib çıxmalı və bütün xərcləri dövlət qarşılamalıdır, sona qədər də arxasında durmalıdır. Qaldı ki, hansısa millət vəkilimizə. Bir çox millət vəkilinin özünü reklam etməkdən başqa işi yoxdur, onsuz da – hər kəsə aid olmasa da. Harda kamera, harda hadisəylə bağlı çəkiliş varsa, orda bəziləri işə girişərək canfəşanlıq göstərirlər. Hardadır bəs hazırda o dəstək olan millət vəkilləri ki, Sərxan Tahirzadə indi maddi dəstəyə möhtacdır, paylaşıda yazıldığı kimi qapılarda qalıb? Və bir də sıradan insanların yardım kampaniyaları keçirilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürüldüyünü gördüm. Bir şeyə aydınlıq gətirək ki, bu durumu düzəltməz. Qonşunun mumuyla evin içi işıqlanmaz.

İndi, geri dönək bizim Qarabağ qazilərinə, həmçinin vətən yolunda şəhid olan, əlil olan qardaşlarımıza, oğullarımıza. Sözün birini qoyub, o birinə gedirəm. Bu yaxın zamanda yenə sosial şəbəkələrdən birində bir Qarabağ qazisinin müsahibəsini oxudum. İsmi ilə söyləyəcəm – Cəfərov Yaşarın boğazında 30 qəlpə ilə yaşayırmış. Buna necə yaşamaq adı verə biləriksə artıq?! Deyir ki, “21 ildir bu qəlpələrlə yaşayıram, soyuq olan kimi boğazım şişir qulaqlarıma qədər və öləcək duruma gəlirəm”. Hətta bəzi dövlət məmurlarından eşitdiyi ağır ifadələr bu insanı uğrunda sağlamlığını qurban verdiyi bu vətəni tərk etmək niyyətinə düşürüb. Və başqa bir Qarabağ qazisi isə bazarda möhtac qaldığı üçün tum satdığını söyləyir. Nə qədər bilmədiyimiz, tanış olmadığımız kədərli hekayələr vardır.

Bu durumda dövlətin etməsi gərəkən nədir? Birincisi, ölkəsi müharibə şəraitində olan bir dövlət şəhid ailəsinin, Qarabağ qazisinin, əlilinin hər cür ehtiyacını qarşılamalı və onu kimsələrə möhtac etməməlidir. Niyə? Çünki dövlət bu cür VƏTƏN yolunda canını, sağlamlığını qoyan insanlara arxa dayaq olarsa, onlara layiq olduqları yeri göstərərsə, insanlar bundan ürəklənər, cəsarətlənər, dövlət, həqiqətən də, arxa dayaq olur öz vətəndaşlarına düşünərlər. Sabah o biri gün müharibə olarsa, ürəklə gedib vətən yolunda qatılarlar döyüşlərə. Və ikincisi, ən əsas məsələ budur ki, erməni soyqırımına və hazırda da vətənimizə saldırmaqda davam edən vəhşi ermənilərə qarşı dünyada göstərilə biləcək ən böyük canlı, sənədli sübutumuzdur qazilərimiz. Həmçinin, əsirlikdən qayıdan, canlı-canlı o vəhşətlərə şahid olan insanlarımız. Bu insanların haqqı olan evlər tikildiyi kimi özlərinə verilməli, çalışma gücü-qüvvəsini itirənlərə - əlillərə aylıq yaşamını təmin edə bilməsi üçün hər cür maddi dəstək verilməlidir. Bu insanlar möhtac qalıb nə bazarda tum satmalı, nə sürünərək yaşamalı nə də həyata küsməlidirlər.

Bu günlərdə ən çox gündəmdə olan və danışılan mövzu var, hansı ki, ölkəmizə olimpiya oyunları üçün gələn neçə min idmançı və yardımçısının bütün xərcləri dövlətimiz tərəfindən qarşılanacaq. Və bütün bu şeyləri görəndən sonra, bu xəbəri oxuyanda, insanın beyninin içi sirkələnir, darmadağın olur və sarsılırsan. Hansısa xarici futbol komandasının neçə milyon məbləğ qarşılığında “Azərbaycan” yazısını T-shirtlərinin arxasında göstərməsi, yaxud da, hansısa yenə xarici komandanın xərclərini Azərbaycanın qarşılayacağı xəbəri nə deməkdir anlamıram? Axı Azərbaycanın reklam üçün belə şeyləri etməyə ehtiyacı yoxdur. Bu xərclərdən, sadəcə, biri ilə Azərbaycan bütün bu qazilərin problemlərinə birdəfəlik son verə bilərdi. Yaxud da, bu insanların ən azından 10 illik problemləri qarşılana bilərdi. Elə deyilmi? Ona görə də üzümü tuturam dövlətimə, çünki vətəndaşın ən son ümid yeri yenə də dövlətidir. Azərbaycandan iki dənə olsaydı, yəqin ki, birindən əlimiz üzüləndə o birinə üzümüzü tutardıq. Nə olar, bir düşünün ey dövlət başçılarımız yuxarıda adını qeyd etdiyim Sərxan Tahirzadənin və zadələrin 220 manatla aylıq keçinməsi mümkündürmü?

Özünüz bir oturun hesablayın. Ayaqları çalışmayan və əlillərinin cəmiyyətdən təcrid olunduğu, hər şeydə dünyanın ən bahalı ölkələri ilə yarışan bahalı bir Azərbaycanda bir insanın aylıq bu qədər məbləğə yaşaması mümkündürmü? Xırdalıqlara varıb hesab-kitab çıxarmaq istəmirəm. Amma nə olar, dövlətimdən xahiş edirəm, bu duruma bir əncam çəksin. Dövləti saymayan, onu verdiyi yalan-yanlış qərarlarla fəlakətə sürükləyən məmurların bu davranışlarına son verilsin. Onlara heç olmasa, az da olsa, özlərini bu əzab çəkən qazilərin, əlil insanların yerinə qoysunlar. Görsünlər, bu insanların taleyinə biçdikləri ömrü özləri yaşaya bilərlərmi?

Bu insanlar, onsuz da, həyatdan əllərini üzmüş insanlardır, amma nə olar tamamən ümidlərini itirmələrinə izin verməyin. Onları, ilk öncə, Allaha əmanət edirəm, sonra da dövlətə etmək istərəm...
Diaspora