“2014-cü ilin avqust ayında Ermənistan diversiya qrupunun Azərbaycan Ordusunun mövqelərinə hücumunun qarşısının alınması zamanı ağır yaralanaraq hər iki ayağını itirmiş Sərxan Kamil oğlu Tahirzadənin sosial müdafiəsinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün müvafiq işlər aparılıb.
Bunu Modern.az-ın sorğusuna cavabında nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, Sərxan Tahirzadə Türkiyədə müalicə olunub vətənə qayıtdıqdan sonra ƏƏSMN-nin Lənkəran rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) əməkdaşları dərhal onun ailəsinə baş çəkib və əlillik sənədlərini tərtib edərək ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar I qrup əlillik təyin ediblər.TSEK tərəfindən S.Tahirzadəyə müvafiq reabilitasiya vasitəsi olaraq əlil arabası təklif edilsə də o, buna ehtiyacı olmadığını bildirib: “ƏƏSMN-nin Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən S.Tahirzadəyə Azərbaycan Respublikasının müdafiəsi səbəbindən I qrup əlil kimi Azərbaycan Respublikası Prezidentinin 150 manat məbləğində aylıq təqaüdü və 77 manat məbləğində aylıq sosial müavinət təyin olunub. Sərxan Tahirzadənin atasına isə ayda 130 manat məbləğində əmək pensiyası ödənilir”.
Şöbə müdiri vurğulayıb ki, bununla yanaşı, S.Tahirzadə dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmək üçün cari il martın 2-də ƏƏSMN-də növbəyə götürülüb. Bir qədər əvvəl isə ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən S.Tahirzadənin ona Türkiyədə müalicə olunarkən verilmiş protez məmulatı ehtiyac yarandığı üçün təmir olunaraq yenidən istifadəsinə verilib:
“Qarşıdakı dövrdə də ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün sosial müdafiə və tibbi-sosial reabilitasiya tədbirləri həyata keçirilərkən Sərxan Tahirzadə də həmin tədbirlərə cəlb ediləcəkdir”. E.Babayevin sözlərinə görə, həmçinin S.Tahirzadə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan şəxs qismində qeydiyyatda olduğu rayon (şəhər) İH-ə müraciət edə bilər. Çünki bu məsələ icra hakimiyyətinin səlahiyyətindədir. Əgər o, icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülərsə, ƏƏSMN tərəfindən onun mənzillə təminatı həyata keçiriləcəkdir: “Sərxan Tahirzadənin Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət aldığına görə ona sığorta ödənişinin həyata keçirilməməsi ilə əlaqədar narazılığına gəldikdə isə, bildiririk ki, bu məsələnin həlli ƏƏSMN-nin səlahiyyətlərinə aid deyil və bununla əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət olunmalıdır”.
E.Babayev əlavə edib ki, S.Tahirzadə ilə telefonla əlaqə saxlanılarkən hazırda onun heç bir peşəsinin olmadığı məlum olub: “Bununla əlaqədar Sərxan Tahirzadəyə ƏƏSMN-nin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu və ya digər peşə üzrə peşə hazırlığı kursuna cəlb olunması təklif edilib. Müasir standartlara cavab verən bu mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş əlilliyi olan şəxslər peşə təlimi müddətində dövlət hesabına yataqxana, tibbi xidmət, yeməklə də təmin edilirlər.
Sərxan Tahirzadə burada peşə hazırlığı kursuna cəlb olunarsa, kursu bitirdikdən sonra ona peşə sertifikatı veriləcək və məşğulluğunun təmin olunması üçün müvafiq işlər aparılacaq”.
Qeyd edək ki, Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhədə atəşkəsin pozulması nəticəsində hər iki ayağını itirib. Əsgər müalicə almaq üçün uzun müddət TİKA-nın dəstəyilə Türkiyədə müalicə alaraq vətənə qayıdıb. Qazilər.az saytına açıqlamasında S.Tahirzadə ona olan biganə münasibətdən şikayət edib.