Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən, Türkiyənin Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə edilən 19 yaşlı Azərbaycan əsgərini Sərxan Tahirzadəni xatırlayırsınızmı? O Sərxan Tahirzadə ki, yataqda olanda Türkiyənin və Azərbaycanın dövlət adamları, millət vəkilləri ona baş çəkir “vətən səninlə fəxr edir” deyirdilər! Bax həmin o hər iki ayağını itirmiş Sərxan Tahirzadə indi qalıb qapılarda...
Kimsə onu dinləmək istəmir! Qəti təəccüblənib eləməyin! Bəli, heç kəs onun dərdinə əlac etmir! Bunu bizə Sərxanın özü və anası Mahisə xanım dedi. Yaxşı olar ki, bu gün QAZİLER.AZ saytına üz tutan ana balanı özünüz dinləyin:Sərxan Tahirzadə: “Açığı, belə münasibət gözləmirdim. Bu, mənə çox pis təsir edir! Bu yaşda iki ayağım yoxdur, dövlətin mənə verdiyi pensiya isə 77 manatdır. 150 manat da prezident təqaüdü verirlər. Mənə düşən sığorta pulumu da Dövlət Sığorta Şirkətindən ala bilmirəm. Deməli, mən bu məbləğlə yaşamalı, hələ bir ailə də qurub onu saxlamalıyam! Neçə vaxtdır qapanıb qalmışam evdə. Həyətə düşüb yeriyə bilmirəm, yıxılıram. Ya palçıq, ya da daş kəsək imkan vermir yeriyəm...”
Mahisə Tahirova:
“Sərxanı orduya yola salanda boy-buxunlu bir oğlan idi...Üstümə səksən santimetr qayıtdı balam! O, yaralananda, xəstəxanada yatanda hamı halını soruşur, dərdimizi dinləyirdi. Amma indi bizə kömək edən yoxdur. Həyat yoldaşım da əlildir. İşləyə bilmir. Mən onları 220 manatla necə saxlayım?! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin Bayram adlı bir müdiri var. Oğlumla getmişik ki, bizə kömək edin. Qayıdıb bizim üstümüzə çığırır! Ümidimiz Qənirə Paşayevadır. İki dəfə cəhd eləmişik görüşə bilməmişik. Sonuncu dəfə köməkçisi dedi ki, Türkiyədədir, martın 6-da Bakıya gələcək. İndi onu gözləyirik. Oğlumun Bakıya müalicəyə gəlib getməyi var, digər xərcləri var. Lakin heç kəs kömək etmir. Deyirlər Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaxşı adamdır, amma onunla görüşə bilmirik. Bakıya gələndə yardım istədik, müavini bizə qarşı böyük hörmətsizlik etdi.”
Redaksiyada həm yarası yenicə qaysaqlayan Sərxana, həm də ömrü boyu ürəyindəki oğul yarası qaysaqlamayacaq Mahirə xanıma ürək-dirək verdik. Dedik ki, bu ölkənin Prezidenti İlham Əliyev cənabları bütün məmurlara tapşırıb ki, Qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərsinlər. Yəqin ki, Sizin dərdinizi dinləyib eşidən olacaq.
Qeyd edək ki, Sərxan Tahirzadə pulsuz avtomobillə təmin olunması üçün müvafiq sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə təqdim edib.
Qalib İsmayılov
QAZİLER.AZ