Rafiq Zamanov doğma Xocalıda yeni həyata başladı – FOTO 

Rafiq Zamanov doğma Xocalıda yeni həyata başladı – FOTO  backend

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər arasında Rafiq Zamanov da var. Ömrünün gənclik illərini doğma kəndindən uzaqda keçirən Rafiq bu il ata-baba yurduna qayıdaraq yeni həyata başlayıb.

Qaziler.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zamanov Rafiq Salah oğlu Xocalı rayonunun Seyidbəyli kəndində doğulub, uşaqlıq və yeniyetməlik illərini burada keçirib. 23 yaşında doğma kəndindən məcburi köçkün düşən Rafiq ailəsi ilə birlikdə əvvəlcə Yevlaxda, daha sonra Goranboy rayonu, Ağcakənd qəsəbəsində məskunlaşıb. Doğma yurd həsrəti ilə keçən illər ərzində onun ən böyük arzusu bir gün kəndinə qayıtmaq olub. Bu il arzusu gerçəkləşib.

Xocalının Seyidbəyli kəndinə qayıdan Rafiq doğma torpağında yeni həyat qurmağa başlayıb. Hazırda üç nəfərdən ibarət ailəsi ilə kənddə yaşayan Rafiq Zamanov təsərrüfatını yaradaraq, heyvandarlıqla məşğul olur. Doğma yurda qayıdışın sevincini yaşayan Rafiq üçün kənddə hər gün yeni bir başlanğıcdır. İllərlə uzaqda yaşadığı torpaqda indi öz təsərrüfatını quran, ailəsi ilə birlikdə gələcəyə ümidlə baxan Rafiq Zamanovun da hekayəsi Qarabağda həyatın yenidən canlanmasının, insanların öz torpaqlarında xoşbəxt gələcək qurmasının nümunəsidir.