Cəbrayılın Horovlu kəndində mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO 

Cəbrayılın Horovlu kəndində mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO  backend

“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq çərçivəsində “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” adlı layihəsini həyata keçirir.

Qaziler.az “DAYAQ” Qeyri-Hökumət Humanitar Yardım Təşkilatının mətbuat xidmətinə istinadla xəbər verir ki, layihənin əsas məqsədini işğaldan azad edilmiş  ərazilərdə  məskunlaşmış əhali arasında mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) tədbirləri təşkil etməklə məlumatlandırma işlərinin səmərəliliyinin artırılması, mina insidentlərin minimuma endirilməsi və minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası təşkil edir. Layihə  işğaldan azad edilmiş  Cəbrayıl, Fizuli, Xocəvənd, Zəngilan şəhərlərində icra olunur. 

Qeyd olunub ki, layihənin icra planına uyğun olaraq, növbəti maarifləndirici tədbir işğaldan azad olunmuş Cəbrayıl rayonu Horovlu kəndində həyata keçirilib. Tədbiri Cəbrayıl rayonu Horovlu kənd tam orta məktəbin direktoru Zamiq Həmzəyev açaraq, qonaqları və tədbir iştirakçılarını salamlamış, Cəbrayıl rayonu, Horovlu kəndində həyata keçirilən maarifləndirmə tədbirinin vacibliyini yüksək qiymətləndirmiş, tədbirin Böyük Qayıdış prossesinə ciddi əngəl yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı sakinlərin maarifləndirilməsi və təhlükəsiz məskunlaşması üçün xüsusi əhəmiyyətini qeyd edib.

Layihə koordinatoru Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat verib.  “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri  Faiq Seyidov layihənin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin həyata keçirilməsinə  dəstək xarakteri daşıdığını, rəhbəri olduğu təşkilatın mina və PSTM istiqamətində  maarifləndirmə və  minatəmizləmə əməliyyatı üzrə  təcrübəsi haqqında məlumat verib.

Layihə üzrə  təlimçi, minadan zərərçəkən, ANAMA-nın keçmiş əməkdaşı Hasil Yusubov təqdimatla çıxış edərək mina, MPQ və növləri  haqda məlumat, mina mifləri, mina təhlükəsinin törətdiyi  fəsadlar və acı nəticələri, mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış vərdişləri və  hərəkət qaydaları, maarifləndirmə işlərinin davamlılığı mövzusunda  məlumatlar verib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi  aparılıb.

Tədbir iştirakçıları tədbirin təşkil olunmasına görə “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatına, əhəmiyyətli layihəni maliyyələşdirdikləri üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və  Qarabağ Dirçəliş Fonduna minnətdarlığını bildirib, maarifləndirmə tədbirlərinin mütəmadi xarakter almasını və təhsil müəssisələrində də davamlı təşkilini xahiş ediblər.

Tədbirdə hər bir iştirakçı üçün dəftərxana ləvazimatlarından ibarət qovluq və sertifikatlar təqdim olunub. Tədbirin sonunda çay-kofe fasiləsi zamanı da müzakirələr davam etdirilib. Layihə çərçivəsində növbəti maarifləndirmə tədbirlərinin Cəbrayıl və Zəngilan şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur.