“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr öz yurdlarına qovuşublar.
Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu gün Xocavənd şəhərinə 33 ailə olmaqla 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə olmaqla 44 nəfər, Quzeyxırman kəndinə 8 ailə olmaqla 41 nəfər köçürülüb.
Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

