Xankəndidə növbəti əmək yarmarkası olacaq

Xankəndidə növbəti əmək yarmarkası olacaq backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndidə növbəti əmək yarmarkası təşkil edəcək.

Qaziler.az nazirliyin məlumatına istinadla xəbər verir ki, yarmarka sentyabrın 11-də saat 10:00-da Xankəndi Ticarət Mərkəzində (Xankəndi şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 7) keçiriləcək.

Tədbirdə dövlət və özəl sektoru təmsil edən 25 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşə istiqamətləri üzrə 200-ə yaxın vakansiya təqdim olunacaq.

Vakansiyalar Xankəndi şəhəri, Şuşa, Ağdam, Ağdərə və Xocalı rayonlarını əhatə edir.

Yarmarkada vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Tədbirdə Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn işaxtaranların şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.