Xankəndi, Xocalı və Ağdərədə 335 nəfərə mənzillərin açarları verildi - FOTO 

Xankəndi, Xocalı və Ağdərədə 335 nəfərə mənzillərin açarları verildi - FOTO  backend

Avqustun 21-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə, eləcə də Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ və Çapar kəndlərinə növbəti köç həyata keçirilib.

Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr arasından seçilib.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 36 nəfərdən ibarət 8 ailə, Xocalı rayonunun Badara kəndinə 5 ailə – 13 nəfər, Xanyurdu kəndinə 4 ailə – 10 nəfər, Xanabad kəndinə 8 ailə – 31 nəfər, Ballıca kəndinə 3 ailə – 8 nəfər, Təzəbinə kəndinə 14 ailə – 71 nəfər köçürülüb.Ağdərə rayonunun Kolatağ kəndinə 36 nəfərdən ibarət 12 ailə,  Həsənriz kəndinə 6 ailə – 30 nəfər, Aşağı Oratağ kəndinə 49 nəfərdən ibarət 12 ailə, Çapar kəndinə isə 51 nəfər olmaqla 15 ailə  qayıdıb.

Beləliklə, bu gün ümumilikdə 335 nəfərdən ibarət 87 ailənin  doğma yurda qayıdışı təmin olunub. Köçürülən ailələrə evlərin açarları Xocalı şəhərində təqdim edilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev iştirak ediblər.

Tədbirdə çıxış edən Səbuhi Qəhrəmanov sakinləri doğma torpaqlarına qayıdış münasibətilə təbrik edib. O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, tikinti və quruculuq işlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr icra olunur. Görülən işlər başa çatdıqca keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir. S. Qəhrəmanov qeyd edib ki, qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılır. Doğma yurdların yenidən qurulması və insanların öz torpaqlarına qayıtması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Doğma yurdlarına qayıdan sakinlər də  yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, illər sonra öz torpaqlarında məskunlaşmağın sevincini bölüşüblər.